Məhkəmə qərarları › İş №3(075)-724/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-724/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-724/2020 25.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Şəki rayonu Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Kiş kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)-61/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən material baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)-61/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. Hal-hazırda icra sənədi üzrə 1100 manat borcu mövcuddur. Qeyd edilən icra sənədi xx xxxxxx 2020-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrası barədə bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Tərəfindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş və icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər-hansı bir əmlak, bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitləri, gəlirlər və başqa qiymətli şeylər aşkar edilməmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün xx xxxxxxxx 2020-ci il tarixində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, icra olunması üçün Şəki ŞRPŞ-yə göndərilmiş və borclu barəsində Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. xx xxxxxx 2020-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırda yaranmış borc məbləğindən 200 manat ödəyə biləcəyini bildirmişmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzrlü səbəb göstərə bilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)-61/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. Artıq bir ildir ki, icra sənədi qüvvədədir. O, icra sənədi üzrə 2500 manat aliment borcunu ödəmişdir. Məlumdur ki, bütün dünyada mövcud olan pandemiya (COVİD-19) ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir çox sahələrin fəaliyyəti qadağan olduğu kimi onun da fəaliyyətinə məhdudiyyət qoyulmuşdur. Buna görə də həmin müddətdə fəaliyyət göstərməmişdir. Başqa gəlir əldə edəcəyi yer olmadığından üzrlü səbəbdən alimenti ödəyə bilməmişdir. Bu gün sözügedən aliment borcundan 200 manat, sabah isə 300 manat ödəyəcəyinə söz verir. Yanvar ayının 5-də iş yeri yenidən fəaliyyətə başlayacaq və borcunu qısa müddət ərzində bağlayacaqdır. İnzibati xəta haqqında protokolda göstərilən aliment borcu onun xüsusi karantin rejimində yığılmış borclarıdır. Aylıq aliment öhdəliyi ilə birgə həmin borcdan da az-az ödəyir. Onun borcunu ödəməməsi qərəzliliklə bağlı deyil, sadəcə fors-major hadisə ilə bağlıdır. İcra məmuruna bu gün, yəni xx xxxxxx 2020-ci il tarixdə 200 manat ödəniş edə biləcəyini bildirməsinə baxmayaraq sonuncu onun barəsində qərəzli olaraq protokol tərtib etmiş və onu məhkəməyə gətirmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs icra sənədi üzrə ödənişləri vaxtında icra etmiş, hazırda da 200 manat tələbkarın xeyrinə ödəməyə hazırdır. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Onun borcunu ödəyə bilməməsi fors-major hadisə ilə, yəni ölkədə tətbiq olunan xüsusi karantin rejimində müəyyən iş yerlərinin bağlı olması ilə əlaqədardır. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə ki, o, icra sənədi üzrə müəyyən vaxtlarda ödəniş etmişdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar