Məhkəmə qərarları › İş №3(075)-741/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-741/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-741/2023 14.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Şəki rayonu Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu Suçma kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 14 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-368/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-368/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə 1360 manat aliment borcu yaranmışdır. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub- olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə “Elektron İcra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu Ailə Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirməli olduğu halda yaşadığı yer barədə də dəqiq məlumat verməmiş, aliment ödəməkdən yayınmışdır. Borclunun yeri məlum olmadığından xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, Şəki Şəhər- Rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə axtarış işi açılmış, bu gün, yəni xx.xx.2023-cü il tarixdə tapılaraq şöbəyə gətirilmişdir. Şöbədə olarkən borcluya 1360 manat aliment borcunun olduğu bildirildi, ümumiyyətlə aliment ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, indiyədək ümumiyyətlə aliment ödəməmişdir. Yaranmış aliment borcunun ödənilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbi yerinə yetirmədi, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Borclu icra sənədinin icrası ilə bağlı verdiyi izahatında axtarışda olduğunu bildiyini, işlədiyini, ayda 750 manat qazancının olduğunu bildirmiş, lakin alimenti ödəməmiş, icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Aliment borcunu isə növbəti aydan etibarən ayda 80 manat olmaqla ödəyəcəyini bildirir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 14 avqust 2023-cü il tarixdə saat 15:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-368/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədindən təxminən may ayının axırları, iyun ayının əvvəllərində məlumatı olmuşdur. Maddi imkanı olmadığı üçün icra sənədində göstərilən borcunu ödəyə bilməmişdir. İndiyədək aliment borcundan hər hansı ödəniş etməmişdir. Növbəti aydan hər ay əsas borcundan əlavə, 100 manat olmaqla hissə-hissə ödəniş edəcəkdir. O, hal-hazırda fərdi əməklə məşğul olur. Bakı Sədərək Ticarət Mərkəzindən xırdavat malları alaraq Quba, Qusar və Xaçmaz rayonlarına satır. Aylıq qazancı 750 manat təşkil edir. Bildirmişdir ki, onun atası vəfat etmişdir. Onun himayəsində yaşlı anası və bacısı vardır. Maddi sıxıntıları vardır. Əlavə olaraq bildirdi ki, o, 14 avqust 2023-cü il tarixdə saat 15:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Qorxmaz Natiq oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada 14 avqust 2023-cü il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 14 avqust 2023-cü il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 14 avqust 2023-cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 14 avqust 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar