Məhkəmə qərarları › İş №3(075)-764/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-764/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-764/2022 10.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakları ilə xx xxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2022-ci il tarixdə X3 yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zaminində yumruq vurmaqla arxaya itələmiş, həmçinin sifət nahiyyəsindən şillə vurmaqla ona fiziki ağrı yetirmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X4 xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə yaşadığı evin qabağında qaynı Elxan adlı şəxs onu döyməsi barədə məlumat vermişdir. Faktla əlaqədar aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zəminində sinəsindən yumruq vurmaqla arxaya itələmiş, həmçinin sifət nahiyəsindən şillə vurmaqla ona fiziki ağrı yetirmişdir. Beləliklə, Şəxs bu əməli ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Toplanmış material üzrə tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin onun əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, qardaşının arvadı İlahə ilə eyni həyətdə yaşayır. Onun evi ilə İlahənin evinin arasında təxminən 20 metr məsafə var. Onun yaşadığı evə ara-sıra dostları gəlir. İlahə isə onun yaşadığı evə kiminsə gəlməsini istəmir. xx.xx.2022-ci il tarixdə təxminən 19 radələrində həyətdən dostlarını yola salmışdır. Bu vaxt qapının darvazasının qabağında olan İlahə adlı şəs onu və dostlarını təhqir etməyə başlamışdır. Dostları getdikdən sonra həyətə girmiş və İlahədən onu nəyə görə təhqir etdiyini soruşmuşdur. İlahə də ona təhqir etdikdə, əsəbiləşərək İlahənin sinəsindən vurub arxaya itələmişdir. İlahə onu polisə verəcəyini bildirərək qışqırmağa başlamış, o, da öz evinə getmişdir. Həmin vaxt sərxoş olmuş, lakin İlahəni boğmaq istəməsi və şillə vurması yalandır. O, barəşmaq istəyir lakin İlahə buna razı deyil. Onun bağışlanmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X10 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, qaynı Elxanla bir həyətdə yaşayır. Elxan onu uzun müddətdir ki, onu və ailə üzvlərini narahat edir. Belə ki, onlar ayrı-ayrı evlərdə yaşasalar da, həyətləri və giriş-çıxış qapıları eynidir. Elxan yad kişiləri yığır evinə, yeyib-içillər və ucadan nalayiq ifadələr işlədirlər. İrad bildirəndə də yaşadığı evə gələrək onu nalayiq ifadələrlə təhqir edir. Bu hal mütamadi olaraq davam edir. Bu il, o, artıq dörd dəfə polisə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələində mağazadan evə gəlmiş, darvazadan içəri girmək istədikdə iki nəfər şəxsin onların həyətindən çıxdığını görmüş, həmin şəxslərə evə girməmələrini bildirmişdir. Darvazanın qapısını örtüb içəri girməyə çalışdıqda qaynı Elxan sinəsindən yumruq vurub onu arxaya itələmiş və onu hədələyərək sifət nahiyəsindən şillə ilə vurub onu həyətdən çölə çıxartmışdır. Daha sonra onu boğmağa çalışmışdır. O, da vəziyyətin bu yerdə olduğunu görüb polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Elxandan şikayətçidir. Onun qanun qaydada cəzalandırılmasını xahiş etmişdir. İşdə olan 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs HK-1/1782 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 569 nömrəli ekspert rəyindən görünür ki, X1 sifət və sinə nahiyələrinin travmatik şişkinliyi, yumşaq toxumalarının əzilməsi bərkküt əşyanın təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2022-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İşdə olan 10 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 noyabr 2022-ci il tarixdə, saat 10:10-da inzibati qaydada tutulmuşdur Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-dən daxil olmuş materialla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə izahatı həqiqətə uyğun deyildir və məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Məhkəmə Şəxs izahatına tənqidi yanaşır və işdə olan digər sübutlarla təkzib edildiyindən onu mötəbər sübut kimi qiymətləndirmir. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, əvvəllər inzibati xəta törətməsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. İnzibati həbsə alınmanın əvvəli onun hüquqlarının Şəki ŞRPŞ-də faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən, saat 10:10-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 10 noyabr 2022-ci il tarixdən, saat 10:10-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar