Məhkəmə qərarları › İş №3(075)-774/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-774/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-774/2023 16.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2 iştirakları ilə iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(075)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay sabit pul məbləğində cəmi 180 manat aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü Kərimov ömər Orxan oğlunun yetkinlik yaşma çatanadək saxlanılması üçün tələbkar X4 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(075)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay sabit pul məbləğində cəmi 180 manat aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü Kərimov ömər Orxan oğlunun yetkinlik yaşma çatanadək saxlanılması üçün tələbkar X4 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə, tarixdə Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs xəbərdarlığa məhəl qoymayaraq və icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçıraraq tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs tələbin təmin edilməsi ilə bağlı ilə bağlı bildiriş və dəfələrlə xəbərdarlıq göndərilmişdir. xx.xx.2023-cü il tarixində borclu Şəxs könüllü olaraq Şəki rayonu üzrə İcra va Probasiya şöbəsinə gəlmişdir. Həmin tarixdə borclunun İcra va Probasiya Şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında bu günə qədər 330 manat ödəniş edib, eyni zamanda borc məbləğindən hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən 330 manat ödəniş etmiş və hal-hazırda 1030 manat aliment borcu yaranmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 16 avqust 2023-cü il tarixdə saat 09:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(075)- 471/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay sabit pul məbləğində cəmi 180 manat aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü Kərimov ömər Orxan oğlunun yetkinlik yaşma çatanadək saxlanılması üçün tələbkar X4 ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən aliment borcunu tam olaraq ödəyə bilməmişdir. Bu günə kimi o, aliment borcundan 340 manat ödəniş etmişdir. Bildirmişdir ki, onun aliment bocunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Günü 8 manata fındıq bağında işləyir. Hər ay ödədiyi alimentdən əlavə 20-40 manat ödəyərək yığılmış aliment borcunu ödəyə bilər. Əlavə olaraq bildirdi ki, o, 16 avqust 2023-cü il tarixdə saat 09:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(075)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay sabit pul məbləğində cəmi 180 manat aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü Kərimov ömər Orxan oğlunun yetkinlik yaşma çatanadək saxlanılması üçün ona ödənilməlidir. Bildirmişdir ki, birgə nikahlarından olan uşaqları xəstədir. Uşaqlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Borclu qərəzli olaraq aliment borcunu ödəmir. Borclu Şəxs fındıq bağında işləyir. Maddi imkanı yaxşıdır. Göstərmişdir ki, borclu spirtli içki almaq üçün pul tapır, lakin özü qərəzli olaraq alimenti ödəmir. Aliment borcunun ödənilməsini tələb edir. Bildirmişdir ki, borclu ona bir dəfə 190 manat, bir dəfə isə 140 manat ödəniş etmişdir. Hər dəfə borclu onu nalayiq ifadələr işlədərəq təhqir edərək aliment borcunu ödəməyəcəyini demişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada 16 avqust 2023-cü il tarixdən, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 16 avqust 2023-cü il tarixdən, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 16 avqust 2023-cü il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 16 avqust 2023-cü il tarixdən, saat 09:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar