Məhkəmə qərarları › İş №3(075)-775/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-775/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-775/2023 17.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryeyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Mustafayev Dəyanət Musa oğlunun iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN;xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cumakənd Ərazi Dairəsi, Cumakənd kəndində qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2065/2022 saylı, 17 noyabr 2022-ci il tarixli icrası sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2065/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 14900 manat məbləğində pul vəsaiti və 133.80 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borclu tərəfindən borcun ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Tərəflərindən borcluya dəfələrlə şifahi və rəsmi xəbərdarlığa baxmayaraq borclu Şəxs icra sənədi üzrə borc məbləğinin icrasını təmin etməmişdir. Borclu Şəxs xx.xx.2023-ci il tarixdə tərəflərindən Şöbəyə gətirilmiş və həmin tarixdə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunuraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-280/2023 saylı qərarına əsasən borclu Şəxs 8 (səkkiz) gün inzibati həbs edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. Borcluya dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borc məbləğinin ödənilməsini təmin etməmiş və Şöbəyə gəlməmişdir. Bu səbəbə görə xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında təqdimatla Şəki Rayon Məhkəməsinə müraciət olunmuşdur. Şəki Rayon Məhkəməsinin 8(075)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. Həmin qərardad icra olunması üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. X12 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Həmin tarixdə Cəlal İmanovdan izahat alınmışdır. Borclu verdiyi izahatında hal-hazırda 2000 (iki min) manat ödəniş etmək imkanının olduğunu bildirmişdir. Həmçinin borclu 15 ha torpaq sahəsini icarəyə götürdüyünü və həmin sahədə tütün əkdiyini bildirmişdir. Həmin tütünü sataraq icra sənədində qeyd olunan borcu ödəyəcəyini qeyd etmişdir. Bundan əlavə o, qardaşı oğlu ilə birlikdə 80 sot ərazidə qarpız əkdiyini və qardaşı oğlunun hər ay ona 250 manat əmək haqqı verdiyini bildirmişdir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu tərəfindən qərəzli olaraq icra edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, Şəxs borc vermiş, lakin o uzun müddətdir ki borcundan heç bir ödəniş etməmişdir. Bundan əvvəl ona inzibati tənbeh tətbiq edilərkən borcunu ödəyəcəyini bildirsə də, onun barəsindən inzibati tənbeh tətbiq olunduqdan sonra da borcunu ödəməkdən yayınmışdır. Şəxs barəsində qanuni qərar qəbul edilərək cəzalanmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2065/2022 saylı, 05 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən ondan 14900 manat məbləğində broc və 133.8 manat dövlət rüsumu alınaraq tələbkar X5 ödənilməlidir. Onun şəxsi təsərrüfatı vardır. Hal-hazırda borcundan 2000 manat ödəniş edə bilir. Borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Qalan borcunu da işlədikcə hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu tam olaraq ödəməmişdir. Şəxs vaxt verilsə, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2 (075)- 2065/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 14 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 12000 manat, borc şəklində verilmiş 2600 manat, vəkilə ödənilmiş 300 manat, 133.80 manat dövlət rüsumu tutularaq X5 verilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 13 yanvar 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2 (075)- 2065/2022 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan borclunun axtarılması barədə 10 mart 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində Şəki rayonu üzrə axtarış elan edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 3(075)-280/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, böyük icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədindən məlumatı olmuş, icra sənədi üzrə borcunu ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. İcra sənədinin vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, o, icra sənədi üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə qeyd edir ki, Şəxs əvvəllərdə eyni icra sənədi üzrə tələbi icra etməməyə görə məhkəmənin qərarına əsasən 8 gün müddətinə inzibati həbs olunmuşdur. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 17 avqust 2023cü il tarixdən, saat 15:35 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 17 avqust 2023-cü il tarixdən, saat 15:35 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 17 avqust 2023-cü il tarixdən, saat 15:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 avqust 2023-cü il tarixdən, saat 15:35-dən hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar