Məhkəmə qərarları › İş №3(075)-776/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-776/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-776/2023 17.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 və zərərçəkmiş şəxs X1 iştirakları ilə iştirakları ilə xx xxx 1985-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1240 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment 30 iyul 2013cü il tarixdən başlayaraq tələbkar X1 xeyrinə tutulmalıdır. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1240 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment 30 iyul 2013-cü il tarixdən başlayaraq tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2013-cü il tarixdə Şəki Rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs aliment borcunu tam ödəməkdən boyun qaçıraraq tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 1ində borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu Şəxs barəsində borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə 651 manat məbləğində yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu həmin tarixdə verdiyi izahatında borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə 651 manat məbləğində ödənilməyən aliment borcu qalmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1240 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment 30 iyul 2013-cü il tarixdən başlayaraq tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədindən məlumatı vardır. Bildirmişdir ki, o, hər ay 93 manat alimentin əvəzinə hər ay 100 manat məbləğdə aliment ödəmişdir. Lakin aliment tutulmasının əvvəli 30 iyul 2013-cü il tarixdən hesablandığına görə 2013-cü ilin iyul ayından 2014-cü ilin fevral ayınadək 651 manat aliment borcu yaranmışdır. Göstərmişdir ki, onun aliment borcu 651 manat təşkil edir. O, hal-hazırda heç yerdə işləmir. İş olanda fəhləlik edir. İşləyəndə gündəlik gəliri 10-15 manat təşkil edir. Bildirmişdir ki, o, bu gün 651 manat aliment borcundan atasından borc alaraq 200 manat da, ödəniş etmişdir. Bildirmişdir ki, onun hal-hazırda qalan 451 manat aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. O, ikinci dəfə ailə qurmuşdur. Onun himayəsində azyaşlı övladı, xəstə həyat yoldaşı vardır. Qalan aliment borcunu hər ay 93 manat əvəzinə 150 manat ödəməklə qurtaracaqdır. Törətmiş olduğu əməlindən peşmandır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədində göstərilən ödənilməmiş qalan aliment borcundan hal-hazırda 200 manat məbləğdə ödəniş etmişdir. Onun hal-hazırda 451 manat məbləğdə ödənilməmiş aliment borcu qalmışdır. Lakin zərərçəkmiş şəxs X4 borclu tərəfindən ödənilən 200 manat alimenti götürməməklə qərəzli mövqe nümayiş etdirir. Borclu Şəxs rəsmi iş yeri yoxdur. Maddi imkanı aşağı olduğundan, onun özü də başqa şəxslərdən maddi yardım alır. Borclu ikinci dəfə ailə qurmuşdur. Himayəsində azyaşlı övladı, xəstə həyat yoldaşı vardır. Zərərçəkmiş şəxs X4 öz ifadəsində bildirmişdir ki, o, borclunun gəlirləri barədə mütəmadi olaraq məlumat alır. Bu isə şəxsi həyata müdaxilə hesab olunur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, 10 il ərzində bütün ödəniş qəbzlərindən görünür ki, borclu alimenti ödəmiş, sadəcə olaraq 651 manat ödənilməmiş aliment borcu qalmışdır. Onun da 200 manatını depozit hesabına qoyaraq ödəmişdir. Göründüyü kimi borclu Şəxs icra sənədini icra etməkdə qərəzli olaraq boyun qaçırmır. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1240 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment 30 iyul 2013-cü il tarixdən başlayaraq onun xeyrinə tutulmalıdır. Bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən 93 manat aliment təyin edilmişdir. Borclu Şəxs bu günə kimi alimentin ödənilməsini gecikdirmişdir. Alimenti vaxtıvaxtında ödəməmişdir. Hətta bəzən gecikdirərək bəzi ayların ödənişini də etməmişdir. İcra məmuru borclunun alimenti ödəməsini bildirsə də, borclu bəzi ayların ödənişini etməmişdir. Göstərmişdir ki, borclu birgə nikahlarından olan uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Borclu ancaq ikinci və üçüncü ailəsindən olan uşaqlarına baxır. Lakin onun övladına heç bir yardım etmir, alimenti vaxtıvaxtında ödəmir. O, 651 manat aliment borcunu bütövlükdə istəyir. Borclunun verdiyi 200 manat alimenti qəbul etmir. Borclunun qeyd etdiyi aliment borcunu hər ay 93 manat əvəzinə 150 manat ödəməsini də qəbul etmir. Borclu tərəfindən ödənilməmiş qalan aliment borcunu bütövlükdə tələb edir. Göstərmişdir ki, o, borcludan şikayətçidir. Borclunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödənilməmiş qalan 651 manat aliment borcundan 200 manat mbələğdə ödəniş etmiş, ödənilməmiş qalan 451 manat məbləğdə aliment borcunu hər ay 93 manat aliment məbləği əvəzinə 150 manat ödəməklə qurtaracağını bildirmişdir. Lakin zərərçəkmiş şəxs X4 borclu tərəfindən ödənilmiş 200 manat alimenti qəbul etməmiş, 651 manat aliment borcunu tam ödəməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs borclu tərəfindən ödənilmiş 200 manat alimenti qəbul etməyərək, ödənilməmiş aliment borcunu tam olaraq tələb etməklə əks halda borclunun inzibati qaydada tutulmasını tələb etməklə qərəzli mövqe tutduğunu nümayiş etdirmişdir. Lakin borclunun, həmçinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatlarından göründüyü kimi borclu birgə nikahlarında olan uşağının saxlanılması üçün alimenti hər ay ödəmiş, axırıncı ödənişi də avqust ayında olmuşdur. Bu günkü günə sadəcə olaraq 651 manat borcu qalmışdır. Həmin aliment borcunun 200 manatını da, tələbkar qəbul etmədiyindən icra məmuruna təqdim etmişdir. Təxminən 10 il boyunca ödənilən alimentdən cəmi 451 manat borcun qalması borclunun qərəzli olmamasına, maddi imkanına görə ləngiməsəninə dəlalət edir. Məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. İş materiallarında olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən yazılmış 17 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1240 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 200 manat məbləğində aliment pulu tələbkar X3 verilməsi üçün borclu Şəxs alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar