Məhkəmə qərarları › İş №3(075)-797/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-797/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-797/2022 07.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 07 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ayrı-ayrı tarixlərdə, “Vaz-21074” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonunun müxtəlif ərazilərində, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması qaydasını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki ŞRPŞ-nə Şəki şəhər sakini adı sonradan məlum olan Cavidan adlı şəxsin özünə məxsus olan “VAZ 2107” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə törətdiyi avtoxuliqanlıq hərəkətlərini dəfələrlə “Tik-tok” sosial şəbəkəsində paylaşması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin şəxs 06 dekabr 2022-ci il tarixdə Şəki ŞRPŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəki şəhər sakini Şəxs olması məlum olmuşdur. Bildirmişdir ki, Şəki ŞRPŞ-də Şəxs izahat alınmış və məlum olmuşdur ki, Şəxs ayrı-ayrı tarixlərdə, "Vaz-21074” markalı, **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonunun müxtəlif ərazilərində, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması qaydasını pozmuşdur. Bununla da Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstəilənlərə əsasən Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə özünə məxsus olan “VAZ-2107” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, M.F.Axundov küçəsində Pedaqoji Məktəb istiqamətində hərəkətdə olan zaman manevr etmə qaydasını pozmuş, bu səbəbdən avtomobil sürüşərək təkərdən sürüşmə səsi gəlmişdir. Bundan başqa 25 noyabr 2022-ci il tarixdə də axşam saatlarında özünə məxsus olan “VAZ-2107” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman işlədiyi taksi şirkətindən sifariş qəbul etmişdir. Onu müştəri gözlədiyi üçün tələsmişdir. Bu zaman qarşısına pişik çıxmış, həmçinin qarşıdan başqa bir nəqliyyat vasitəsi gəldiyi üçün sərt manevr etmişdir. Bu zaman avtomobil sürüşdüyü üçün təkərlərdən səs çıxmışdır. Bildirmişdir ki, o, avtomobili idarə edən zaman anlaqlı olmuşdur, spirtli içki qəbul etməmişdir. Etdiyi hərəkətlərdən peşmançılıq çəkir və bu cür qanunsuz hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində Şəki şəhəri M.F.Axundov prospektində X4 yaxınlığında “Vaz 2107” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müxtəlif avtoxuliqanlıq hərəkətləri etmişdir. Bildirmişdir ki, həmin sürücü müxtəlif tarixlərdə və müxtəlif saatlarda həmin ərazidə avtoxuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, bir dəfə idarə etdiyi avtomobili sürətlə idarə etmiş və nəticədə avtomobildən səs çıxmışdır. Bundan başqa bir dəfə də avtomobili iki təkər üstə qaldırmışdır. Həmin sürücü törətmiş olduğu əməllə piyadaların və digər şəxslərin həyatl üçün real təhlükə yaratmışdır. Bu səbəbdən həm DİN-nin 102 xidmətinə, həmçinin Şəki ŞRPŞ-nə müraciət edərək həmin sürücünün hərəkətləri barədə məlumat vermişdir. Bildirmişdir ki, həmin kollecdə onun yaxın tanışları da təhsil alırlar. Vaz 2107” markalı, **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri səbəbli onların həyatına real təhlükə yaranır. Buna görə də sürücü barəsində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şəxs qeyd olunan hərəkətləri özünün etirafı, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları, işə əlavə edilmiş “CD” diskdəki görüntü, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, işə əlavə edilmiş “CD” diskdəki görüntünü izlədikdə aydın olmuşdur ki, Şəxs istifadəsində olan Vaz 2107” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2022-ci il tarixdə təxminən 18:30 radələrində Şəki şəhəri, M.F.Axundov küçəsində əl əyləcindən istifadə etməklə ictimai qaydanı və ictimai asayişi pozmuşdur. O, özü də video görüntünü izləyərək həmin hərəkətlərin onun tərəfindən edildiyini təsdiq etmişdir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs tətbiq etməyi, sürücülük hüququnu müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məhdudlaşdırmağı qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı X1 izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 dekabr 2022-ci il tarixdən, saat 17:50 radələrində Şəki ŞRPŞ-nin inzibati binasına daxil olmuş və bundan sonra polis əməkdaşları tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 06 dekabr 2022-ci il tarixdən, saat 17:50-də məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 06 dekabr 2022-ci il tarixdən, saat 17:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarəetmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 06 dekabr 2022-ci il tarixdən, saat 17:50-dən hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar