Məhkəmə qərarları › İş №3(075)-798/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-798/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-798/2023 18.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və onun müdafiəçisi Vəkil iştirakı ilə, 07 avqust 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 6HP3YM9 olan, əlilliyi olmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 18 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, X2 18 avqust 2023-cü il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salıb qeyri-nalayiq ifadələr işlədərək polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 18 aqvust 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin polis manqa komandiri polis baş serjantı Elvin Əfrizanov və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Elməddin Novruzlu birlikdə Şəki şəhəri ərazisində avtopatrulla xidmətdə olduqları zaman saat təxminən 03:10 radələrində S.Rəhman küçəsində “Ay Marketin” qarşısında bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsi nizam-iltizama dəvət etmək istədikdə, həmin şəxsdən kəskin spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarını vurmağa cəht göstərmişdir. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışdıqda, o, yerdən götürdüyü dəmir parçası ilə özünə xəsarət yetirməyə başladı. Polis əməkdaşları həmin şəxsin əlindən dəmir parçasını almaq istədikdə, onlara da xəsarət yetirməyə cəht etdi. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən xüsusi vasitə tətbiq olunaraq polis şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki şəhər sakini X2 olması müəyyən olundu. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 18 avqust 2023-cü il tarixdə spirtli içki qəbul etmişdir. Bundan sonra yenidən ünvan 2 ünvanında yerləşən marketə gedərək spirtli içki almaq istəmişdir. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. O, həmin polislərdən birini tanımış və polis əməkdaşlarında ona “Go” enerji içkisi almasını istəmişdir. Bundan sonra polis əməkdaşları ilə onun arasında narazılıq olmuşdur. Daha sonra o, marketə daxil olmuşdur. Polis əməkdaşları da onunla birlikdə marketə daxil olmuşdur. O, marketdən dəmir qabda olan içki almışdır. Marketdən çıxsıqdan sonra polis əməkdaşları ilə onun arasında mübahisə yaranmışdır. Bu zaman o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-iltizama dəvət etsələr də, o, yenə də mübahisə etmişdir. Daha sonra dəmir içki qabı ilə özünə xəsarət yetirməyə başlamışdır. Polis əməkdaşları ondan həmin dəmiri almaq istədik də, o, polis əməkdaşlarına da xəsarət yetirməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu avtopatrula mindirdirərək Şəki ŞRPŞ-nə gətirmişlər. Şəki ŞRPŞ-də ona törətdiyi inzibati qayda pozuntusu izah olunmuşdur. Törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis manqa komandiri polis baş serjantı X6 ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Elməddin Novruzlu ilə birlikdə Şəki şəhər ərazisində avtopatrulla xidmətdə olduqları zaman təxminən saat 03:10 radələrində S.Rəhman küçəsində “Ay Market”-ni qarşısında bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsi nizam-iltizama dəvət etmək istədikdə, həmin şəxsdən kəskin spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Bu zaman həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, onları vurmağa cəht göstərmişdir. Onlar həmin şəxsi sakitləşdirməyə çalışdıqda, həmin şəxs yerdən götürdüyü dəmir parçası ilə özünə xəsarət yetirməyə başladı. Onlar həmin şəxsin əlindən dəmir parçasını almaq istədikdə, onlara da xəsarət yetirməyə cəht etdi. Bundan sonra həmin şəxs tərəflərindən xüsusi vasitə tətbiq olunaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 şahid X6 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 18 avqust 2023-cü il tarixdə saat 03:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, X2 ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən X2 inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 18 avqust 2023-cü il saat 03:40-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar