Məhkəmə qərarları › İş №3(075)-8/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-8/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-8/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, Calğalıbulaq küçəsində tək olduğu və yaxınlığında heç kimin olmadığı halda, açıq havada Şəki ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq açıq havada tibbi maskadan istifadə etmədiyinə görə cərimə tərtib etmişlər. Həqiqətən də həmin vaxt qoruyucu maska taxmamışdır. Lakin o, bu cərimə ilə razı olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimi ilə bağlı verdiyi qərarın 1-ci bəndində qeyd edildiyinə əsaslanaraq və onun heç bir ictimai yerdə, qapalı məkanda olmadığı halda ona yazılan 100 manat cərimənin ləğv edilməsini xahiş edir. Çunki bu virusun açıq havadan yoluxması bu günə qədər qeyd edilməmiş və açıq məkanla açıq havadan ictimai yerin onun olduğu küçə ilə heç bir bağlantısı yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində dəyişikliklərə dair xx xxxxxx 2020 tarixli qərarında göstərilən ölkə üzrə bütün “qapalı və açıq məkanlar” anlayışı onun həmin vaxt dayandığı Şəki şəhəri, Calğalıbulaq küçəsinə şamil oluna bilməz. Yəni Şəki şəhəri, Calğalıbulaq küçəsi nə açıq məkandır nə də ki, ictimai yerdir. Göstərmişdir ki, misal üçün Şəki məhkəmə kompleksinin içərisi “qapalı”, onun qarşısındakı hasarın sərhədləri daxilindəki həyət-park isə “açıq” məkan, bundan kənarda olan S.Mumtaz küçəsi isə nə qapalı nə də ki, açıq məkandır. Respublikadaki müharibə şəraitində və pandemiya ilə bağlı Şəki şəhərindəki xüsusi karantinə görə bütün fərdi müəssisələrin xx.xx.2020-ci il tarixindən fəaliyyəti dayandırılmış, onun işsiz olduğu və heç bir təminat almadığı bir ölkədə ondan 100 manat cərimənin tez bir vaxta ödənilməsini tələb etmək heç bir insani hüquqa uyğun deyil. Hesab edir ki, onu ilkin olaraq ən azından xəbərdarlıqla başa sala bilərdilər. O da ölkənin hər bir vətəndaşı kimi onun hər bir qanununa və ədalətinə tabedir. Hesab edir ki, karantin rejimi qaydalarını pozmamışdır. Ona görə onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün Şəki ŞRPŞ-nin barəsində qəbul etdiyi qərar ləğv edilməlidir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X4 xx.xx.2020-ci il tarixli, MN-0643192 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625768 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X5 xx.xx.2020-ci il tarixdə saat 13:30-da Şəki şəhəri, Calğalıbulaq küçəsində qoruyucu tibbi maskadan istifadə etməməklə karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, Calğalıbulaq küçəsində qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğunu etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində dəyişikliklərə dair xx xxxxxx 2020 tarixli qərarına əsasən 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən: -Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. - Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.2-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13:30-da Şəki şəhəri, Calğalıbulaq küçəsində qoruyucu tibbi maskadan istifadə etməmişdir. Eyni hal onun Şəki şəhəri, Calğalıbulaq küçəsində qoruyucu tibbi maskadan istifadə etməməklə karantin rejimi qaydalarını pozmasını etiraf etməsi barədə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, MN-0643192 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625768 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin icraatına xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, MN-0643192 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625768 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar