Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-808/2024 08.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən tərtib edilmiş 8 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 628/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinin icrası təmin edilmədiyi üçün (borclu xx.xx.2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilib) borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-628/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Tələbkarın nümayəndəsi 20.09.202-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu ilə razılıq əldə edildiyini və icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə isə yenidən tələbkarın nümayəndəsi şöbəyə ərizə ilə müraciət edərək, yaranmış aliment borcunun ödənilməsi üçün borclu barəsində icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun çağırışına gəlmədiyi üçün onun barəsində borclunun axtarılması haqqında qərar qəbul edilərək xx.xx.2024-cü il tarixdə icra olunması üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahatı alınmışdır. Borcludan yaranmış 7540 manat aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını, həmçinin yaranmış aliment borcundan ödəniş etmək imkanının olmadığını bildirmişdir. Bununla da keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu bu gün 09:30-da şöbəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən heç vaxt qəsdən boyun qaçırmamışdır. Qətnamə çıxarıldıqdan sonra bir müddət bir yerdə yaşamışlar. Bir neçə dəfə poçt vasitəsilə aliment borcunu ödəməyə çalışsa da qarşı tərəf qəbul etməmişdir. Borcu tam şəkildə istəmişdir. Onun borcu ödəməyə imkanı çatmır. Bu vaxta qədər ödəniş edə bilməməsinin səbəbi imkansızlıq olmuşdur. Əgər vaxt verilsə aylıq 260 manat borcunu alimenti ödəyəcəkdir. O, bu gün 09:30-da şöbəyə gəlmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 izahat verərək bildirdi ki, borclu heç bir yerdə işləmir. Özünün də dediyi kimi əgər işi olsa borcunu ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-628/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 08 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-628/202 nömrəli, 07 iyul 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarından əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərrəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 08 avqust 2024cü il tarixdə, saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 08 avqust 2024-cü il tarixdən, saat 09:30-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 08 avqust 2024-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 8 avqust 2024-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-808/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-808/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver