Məhkəmə qərarları › İş №3(075)-81/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-81/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-81/2024 06.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Şəki rayonu, Aydınulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “X7” oteldə ofisiant işləyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki şəhər-rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-da “Mercedes Benz C180” markalı **- DK-*** dövlət nömrə nişanlı avtomobili sərxoş halda idarə edərkən Şəki şəhəri. B.Vahabzadə küçəsində hərəkət zamanı əks istiqamətli hərəkət zolağına çıxmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahatında bildirdi ki, xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 22:00-da Şəki şəhəri. B.Vahabzadə küçəsində yol nəqliyyat hadisəsinin törənməsi barədə məlumat daxil olduğundan hadisə yerinə getmişdir. Hadisə yeri müayınə olunarkən məlum olmuşdur ki, Şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı **-DK-*** dövlət nömrə nişanlı avtomobil hərəkət zamanı əks istiqamətli hərəkət zolağına çıxmaqla qəza törətmişdir. Həmin vaxt onun nəfəsindən spirtli içki qoxusu gəldiyindən onu həkim müayinəsinə təqdim etmiş və avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Hadisə zamanı Şəki şəhər İcra Hakimiyyəti Komunnal X1 balasında olan metal məhəccərə ziyan dəymişdir. Ona görə də onun barəsində İXM-in 327.2 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında nişan mərasimində olarkən spirtli içki qəbul etmiş, daha sonra idarə etdiyi “Mercedes Benz C180” markalı **-DK-*** dövlət nömrə nişanlı avtomobil ilə evinə gedərkən Şəki şəhəri. B.Vahabzadə küçəsində hərəkət zamanı qarşısına it çıxdığından yol nəqliyyat hadisəsini törətmişdir. O, həmin vaxtı əks istiqamətli hərəkət zolağına çıxmamış, eyni zamanda onun tərəfindən zərərçəkmiş şəxsə heç bir maddi ziyan vurulmamışdır. Törətdiyi əməldən peşmandır və qərar qəbul edilərkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, xx.xx.1992-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə həkim Z.Hüseynov tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs sərxoş olduğu və qanında alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 1,0 promil olduğu müəyyən olunmuşdur. Şəxs həkim müayinəsinə Yol Patrul Xidmətinin inspektoru təqdim etmişdir. Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.3-cü maddələri ilə inzibati xəta törətmişdir. Şəki şəhər İcra Hakimiyyəti Komunnal X1 05 fevral 2024-cü il tarixli, 26 nömrəli məktubunda göstərilir ki, Şəki KTİB-yi məlumat üçün bildirir ki, Şəki şəhəri. B.Vahabzadə küçəsində tikilən metal məhəccər və sair Mercedes Benz C180” markalı **-DK-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən vurularaq yarasız vəziyyətə salınmışdır. Nəticədə şəhər təsərrüfatına təqribən 1000 (bir mibn) manatadək ziyanlıq dəymişdir. Şəki şəhər İcra Hakimiyyəti Komunnal X1 06 fevral 2024-cü il tarixli, 27 nömrəli məktubunda göstərilir ki, Şəki KTİB-yi məlumat üçün bildirir ki, Şəki ŞRPŞ-nin DYPB-nə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 26 saylı məktubda qeyd olunmuş Şəki şəhəri. B.Vahabzadə küçəsində mövcud olan şəhər təsərrüfatına (abadlığına) mütəxəsislərimiz tərəfindən yenidən baxış keçirilmiş, baxış zamanı “Mercedes Benz C180” markalı **-DK- *** dövlət nömrə nişanlı avtomobil tərəfindən əraziyə ziyanlıq dəymədiyi aşkar edilmişdir. Şəki ŞRPŞ-nin DYPB-nə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 26 saylı məktubda ərazi shv salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2024-cü il tarixdə alkoqoldan istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapır. Lakin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan onun həmin əməlini İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. İXMin 333.3-cü maddəsində isə həmin xətanın bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə daha sərt tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, şəxsin əməlində o halda İXM-nin 333.3-cü maddəsinin tərkibi yarana bilər ki, o, İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması əməlini törətmiş olsun. Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, şəxsin İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün onun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsindən əlavə onun zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetiriməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması zəruridir. Yalnız həmin halların olması onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər. İş materiallarından isə görünür ki, Şəxs tərəfindən hər hans bir zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki material üzrə Şəxs istinad edilən əməldə İXM-in 333.3-cü maddəsinin deyil, həmin Məcəllənin 333.1-ci maddəsinin tərkibi mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin daha ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etmək məsələsini tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333.3-cü maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməlidir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi nəzərə alınmaqla, Elnar Əllixanlı barəsində cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar