Məhkəmə qərarları › İş №3(075)-812/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-812/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-812/2022 20.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxx 1965-ci il tarixində Şəki rayonu, Orconikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şəki rayon Qayabaşı kənd bələdiyyəsinin nümayəndəsi, əlilliyi olmayan, Şəki rayonu Sarıca kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2139/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4600 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(075)-2139/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4600 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməlidir. Bildirmişdir ki, qeyd olunan icra sənədi icra sənədi xx.xx.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Borclu tərəfindən 2019-cu ilin dekabr ayında, məhkəmədən sonra tələbkara 1000 manat ödənilmiş, qalan 3600 manat ödənilməmişdir. Göstərmişdir ki, icra sənədi üzrə tələb borclu tərəfindən könüllü müddət ərzində ödənilmədiyindən əmlakının axtarışına başlanılmış, bu məqsədlə adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti aşkar edilməmiş, adına Şəki rayonu Sarıca kəndində 0.12 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Borclu da öz növbəsində şöbədə verdiyi izahatında adına Şəki rayonu Sarıca kəndində 0.12 ha həyətyanı torpaq sahəsinin olduğunu bildirmişdir. Borcluya məxsus torpaq sahəsi üzərinə həbs qoyulması, tələbin əmlak yönəldilməsi məqsədilə Şəki Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, təqdimat təmin olunmuş, torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Torpaq sahəsi üzərinə həbs qoyulduqdan sonra qiymətləndirilmiş və borc müqabilində tələbkara təklif edilmiş, tələbkar torpaq sahəsini naturada qəbul etdiyini bildirmişdir. Torpaq sahəsi tələbkarın adına qeydə alınması üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət olunmuş, idarə tərəfindən əmlak tələbkarın adına qeydə alınmaqdan imtina edilmiş, qərardadda tələbin əmlaka yönədildiyinin göstərilmədiyi bildirilmişdir. Belə olan halda yenidən borc məbləğinin borcluya məxsus torpaq sahəsinə yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təyin olunmuş, sənədlər yenidən torpaq sahəsinin tələbkarın adına qeydə alınması üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmiş, bu dəfə idarədən bildirilmişdir ki, həmin torpaq sahəsi 2014-cü ildə başqasına satılmışdır. Borclu Şəxs bütün bu proseslərdə iştirak etmiş, torpağı satdığını bilsədə vaxt qazanmaq, məhkəmədən yayınmaq məqsədilə məlumat verməmiş, icradan yayınmışdır. Bildirmişdir ki, borclu xx.xx.2022-ci il tarixdə şöbədə olarkən izahat vermiş, izahatında bildirmişdir ki, torpaq sahəsini 2014-cü ildə satmışdır özü qəsdən, səhlənkarlıq edərək bildirməmiş, icra sənədinin əsassız icrasız qalmasına, süründürməçiliyə, səbəb olmuş, məhkəyə də yalan məlumat vermişdir. Həmçinin borcluya bu müddət ərzində xəbərdarlıqlar edilmiş, icra sənədinin icrası tələb olunmuş, lakin icra etməmiş, icradan yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin borclu çağırışlara da gəlməmiş, barəsində məcburi gətirilmə qərarı qəbul olunaraq ünvanına göndərilmiş, ona da məhəl qoymamış, məcburi gətirilməsi üçün məhkəməyə təqdimatla müraciət olunmuş, təqdimat təmin edildikdən sonra icra olunması üçün Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmiş, borclu yenəd də şöbəyə gəlməmişdir. Həmçinin borclu Şəki rayon Qayabaşı kənd bələdiyyəsinin müavini vəzifəsində işləyir, 436 manat əmək haqqı alır. Borclu icra sənədinin icrada olduğu müddətdə bələdiyyədən 15637 manat əmək haqqı almış, lakin bir manat belə borcundan ödəməmişdir. Bütün bunlardan görünür ki, borclu Şəxs icra sənədinin icrasından qəsdən yayınır, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu xx.xx.2022-ci ildə saat 12:00-da İcra şöbəsinə gəlmiş və sonra 16:30-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2139/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4600 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Başqa borcları olduğu üçün həmin borclarını ödəmiş, icra sənədində göstərilən borclarını ödəməmişdir. İcra sənədində göstərilən borcundan 1000 manat məbləğini 2019-cu ilin dekabr ayında ödəmişdir. Bildirmişdir ki, qalan 3630 manat məbləğdə borcunu 23 dekabr 2022-ci il tarixdə tam olaraq ödəyəcəkdir. Göstərmişdir ki, onun adına yaşadığı Şəki rayonu Qayabaşı kəndi ərazisində fərdi yaşayış evi vardır. Bundan başqa hər hansı təsərrüfatı yoxdur. Hal-hazırda Şəki rayon Qayabaşı Bələdiyyə müavini vəzifəsində işləyir. Aylıq 436 manat əmək haqqı alır. Bundan başqa hər hansı gəlir yeri yoxdur. Bildirmişdir ki, əvvəllər ona məxsus olan Şəki rayonu Sarıca kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini satdığı halda səhlənkarlıq etmiş, torpaq üzərinə həbs qoyulan zaman satdığını bildirməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 12:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2139/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4600 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar ona ödənilməlidir. Borclu qərəzli olaraq ona olan borcunu bu vaxta kimi ödəməmişdir. Ancaq 2019-cu ildə 1000 manat ödəniş etmişdir.Qonşu olsalar da borclu onu incidir və aldadır.Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 20 dekabr 2022-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil omuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 20 dekabr 2022-ci il tarixdən, saat 12:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 20 dekabr 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 20 dekabr 2022-ci il tarixdə, saat 12:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar