Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-854/2025 03.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, Şəxsn (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokolda göstərilmişdir ki, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edilən material üzrə Şəxs MMC-nin barəsində İXM-in 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 04 noyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolu ilə 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayındığına görə İXM-in 464-cü maddəsi üzrə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarın qəbul edilməsini Şəki Rayon Məhkəməsindən xahiş etmişdir. Lakin iş üzrə materiallardan və ya Protokoldan Maliyyə Nazirliyi tərəfindən inzibati xətanın törədilməsi tarixi və inzibati xətanın aşkar olunması tarixinin hansı tarix olaraq müəyyən olunması aydın deyildir. Maliyyə Nazirliyi tərəfindən mövcud qanunvericilik nəzərə alınmadan, hər hansı araşdırma aparılmadan əsassız və qanunsuz olaraq 04 noyabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ümumiyyətlə isə Maliyyə Nazirliyi səlahiyyətlərini aşaraq İXM-nin 102.2-ci maddəsinin tələblərini pozmuş, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul etmədən araşdırma aparmış və nəticədə 04 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qanunsuz və əsassız protokol tərtib etmişdir. Bu hallar bir daha onu təsdiq edir ki, Maliyyə Nazirliyi prosessual pozuntulara yol verməkdən çəkinməyərək Protokol tərtib etmişdir. Bundan başqa, Protokolun 2-ci səhifəsində “xx.xx.2025-ci il tarixli 3-23/2- 8002/2025 nömrəli bildiriş təqdim edilməsinə baxmayaraq Şəxs MMC tərəfindən nümayəndənin təyin olunan vaxtda Maliyyə Nazirliyinə gəlməsi təmin edilmədi” qeyd olunmuşdur. Lakin qeyd etməyi vacib hesab edir ki, Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə hər hansı bildiriş daxil olmamışdır. Şəki Rayon Məhkəməsinə təqdim edilmiş iş üzrə sənədlərdən görünür ki, 16 oktyabr 2025-ci il tarixində Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə bildiriş göndərilmiş və bildirişin təhvil verilməsinə dair qəbzdə Ramazanova soyadlı şəxsin imza ataraq sənədləri qəbul etməsi əks olunur. Lakin qeyd edir ki, Şəxs MMC-də Ramazanova soyadı olan hər hansı vəzifəli şəxs və ya işçi yoxdur. Göründüyü kimi Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə hər hansı bildiriş daxil olmamışdır. Hazırkı iş üzrə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Protokolu imzalamış şəxsin səlahiyyətini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə təqdim edilməmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinə təqdim edilmiş Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı olan xana boş saxlanılmışdır. Göründüyü kimi, inzibati tənbeh tədbirinin tətbiqi üçün müddətin keçməsinə baxmayaraq Maliyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmadan, səlahiyyətlərini aşaraq prosessual pozuntulara yol verilərək əsassız və qanunsuz olaraq 04 noyabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.6-cı maddələrinə əsasən, “bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir.”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, inzibati tənbeh tədbirinin tətbiqi üçün müddətin keçməsi ilə bağlı 3(075)-854/2025 saylı iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs MMC İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 3-23/2-8002/2025 nömrəli bildirişdən görünür ki, Şəxs MMC-nin 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin xx.xx.2025-ci il tarixədək təqdim edilməsi xahiş olunmuşdur. Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2-462/2025 saylı məktubunun əlavəsində 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə çıxarışdan görünür ki, Şəxs MMC ********** saylı VÖEN-lə dövlət qeydiyyatındadır. Məcburi audit yoxlamasının subyekti hesab edilir. İnternet vergi idarəsi portalından çıxarışdan görünür ki, hüquqi ünvanı Şəki rayonu, Çələbixan qəsəbəsidir. Azərbaycan Respublikasının Auditorlar Palatasının elektron sistemindən çıxarış ilə Şəxs MMC tərəfindən maliyyə hesabatları üzrə auditi yoxlaması aparılmaması faktı öz təsdiqini tapmışdır İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil aiuditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti Şəxs MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin, yəni 2025-ci ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, hüquqi şəxsinnümayəndəsinin cəlb etmə müddəti ilə bağlı dəlillərini əsassız hesab edir. Hazırkı inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bildiyini nəzərə alsaq, müddət ötürülməmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsinin etirazda qeyd etdikləri ilə bağlı bildirir ki, tələb olunan müddət üçün hər hansı audit rəyini almalarına dair məhkəməyə sübut təqdim etmədi. Bu bir daha təsdiq edir ki, tərtib edilən inzibati xəta haqqında protokol həqiqəti əks etdirir. Həqiqət isə hər şeydən ucadır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, daxili inam və sübutların məcmusu əsasında qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 464-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-854/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-854/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver