Məhkəmə qərarları › İş №3(075)-860/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-860/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-860/2023 19.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2023-cü il tarixli, EQ-16409000 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2023cü il tarixli, EQ-16409000 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ona məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobillə qardaşı İlqar Əlizadə ilə birlikdə Şəki şəhəri, S.Mümtaz küçəsindəki tikinti materialları satılan mağazalardan birinə getməli olmuşlar. Avtomobili qardaşı İlqar Əlizadə idarə edirdi. O, mağazalardan birinin qarşısında avtomobili saxlamış, tikinti materiallarını almış, yenidən gəldikləri ünvana qayıtmışlar. Avtomobili o idarə etmədiyi halda, xx.xx.2023-cü il tarixli EQ 16409000 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, xx.xx.2023-cü il tarixli EQ 16409000 nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi üçün heç əsas olmamışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayətdə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2023-cü il tarixdə ona məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobili o idarə etməmişdir. Əlavə olaraq bildirdi ki, barəsində tərtib edilmiş qərar üzrə cərimə məbləği 40 manat olduğu halda onun barəsində 300 manat cərimə yazılmışdır. Odur ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, EQ-16409000 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durması qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi X3 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ-16409000 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X2, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində xx.xx.2023-cü il tarixli, EQ-16409000 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X3 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar