Məhkəmə qərarları › İş №3(075)-879/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-879/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-879/2024 14.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6, X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X7 iştirakları ilə, X6 barəsində X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 114.1.1-ci maddələri ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməyimlə bağlı inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolun və İnzibatı tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edərək cərimənin üzərindən silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vətəndaş X5 50 gün işləyib əmək haqqı almaması haqqında DTX-ya şikayət göndərmişdir. DTX müraciətdə irəli sürülmüş məsələnin həlli üçün onu X14 Xidmətinə göndərmişdir. X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi Akif Əliyev fürsətdən istifadə edərək işçini müqaviləsiz 50 gün işlədib əmək haqqı verməyən işə götürənə - “Respublika Təcili və X11 Mərkəzi” publik hüquqi şəxsə deyil, əvvəlki işəgötürənə - “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciətdə göstərilməyən məsələ ilə bağlı məlumat və sənədlərin təqdim edilməsi üçün məktublar göndərmişdir. O, əvvəlki işəgötürənin vəzifəli şəxslərindən birini, yəni onu cərimələmiş, göstərilən 50 günlük əmək haqqı isə ödənməmişdir. Yoxlayıcı orqanın - X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı yoxlamanın aparılması haqqında qərar olmadan plandan kənar yoxlama aparılmışdır. vətəndaş D.A.Mahmudova xx.xx.2023-cü il tarixdən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18 TTTY şöbəsinin Təcili və X11 stansiyasında işə başlamış, xx.xx.2024-cü il tarixli 18-1-71/3-1-967/2024 nömrəli əmrlə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Ona cari ilin may ayı üçün 998,06 manat məbləğində əmək haqqı və xx.xx.2023 - xx.xx.2024-cü iş ilinə görə məzuniyyət hüququ olmadan istifadə edilməmiş əmək məzuniyyətinə görə səhvən 300,87 manat məbləğində kompensasiya (cəmi 1298,93 manat) hesablanıb ödənilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. D.A.Mahmudovanın xx.xx.2024-cü il tarixli ərizəsində göstərilən “başqa işəgötürən” dedikdə Təcili və X11 stansiyalarının yenidən təşkili nəticəsində yaradılmış “Respublika Təcili və X11 Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulub. Belə çıxır ki, altı aydan tez işdən çıxan işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmır. D.A.Mahmudovanın məzuniyyətdən istifadə hüququ altı aydan sonra, yəni xx.xx.2024-cü il tarixdən yaranacaqdır. D.A.Mahmudovanın xx.xx.2024-ci tarixli şikayətində “50 gün işləmiş qanunsuz olaraq” və “son 50 gününün maaşını verməyiblər qanunsuz işlətdikləri halda” sözləri göstərilmişdir. Göründüyü kimi, D.A.Mahmudava “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən son haqq-hesabın düzgün aparılıb-aparılmaması ilə bağlı müraciət etməmişdir. D.A.Mahmudovanın müraciətində göstərilən son 50 günlük müddət işdən çıxarıldıqdan sonrakı dövrə təsadüf edir. O, göstərilən dövrdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslə əmək münasibətlərində olmamışdır. Deməli, X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolu və inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X13 izahat verərək bildirdi ki, hazırki iş üzrə X14 Xidmətində araşdırma aparılan zaman müvafiq sorğular verilmiş, sorğulara əsasən Şəki “Rayon Mərkəzi Xəstəxanası” X18 TTTY şöbəsinin TTTYS-nın sabiq işçisi feldşer X1 haqq-hesabının hesablanmasında məsul şəxs Maliyyə şöbəsinin hesabatlılıq bölməsinin hesabatlılıq üzrə mütəxəssisi X12 olması qeyd edilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 əmək müqaviləsinə xitam verilən zaman son haqq hesabı düzgün hesablanmadığı üçün X6 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 İXM-nin 192.4-cü maddəsinin tələblərini pozduğu üçün barəsində 700 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. - X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəki “Rayon Mərkəzi Xəstəxanası” X17 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə daxil olmuş “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işləmiş X2 əmək hüquqlarının pozulması barədə müraciətinin qanunamüvafıq qaydada araşdırılması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması halları aşkar edilmişdir. Belə ki, daxil olan sənədlərdən məlum olmuşdur ki, X4 işdən azad edilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə son haqq-hesabı düzgün hesablanmamış və ödənilməmişdir. X4 ödənilməyən qalıq vəsaitin 30 (otuz) gün müddətində tam şəkildə hesablanıb-ödənilməsini təmin edərək edərək nəticəsi barədə X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə rəsmi məlumat verilməsi bildirilmişdir. - Şəki RMX-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2-1181/2024 saylı məktubunda qeyd edilmişdir ki, Şəki “Rayon Mərkəzi Xəstəxanası” X18 TTTY şöbəsinin TTTYS-nın sabiq işçisi feldşer X1 haqq-hesabının hesablanmasında məsul şəxs Maliyyə şöbəsinin hesabatlılıq bölməsinin hesabatlılıq üzrə mütəxəssisi X8r. - Şəki “Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli, 18-1-71/3-1- 968/2024 saylı əmrindən görünür ki, Təcili və X11 şöbəsinin TTTYS-nın işçisi X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, tutduğu vəzifədən azad edilmişdir. Onun işdən azad edilməsi ilə bağlı son haqq-hesabın hesablanıb verilməsi maliyyə şöbəsinin müdiri Bayram Şəmsəddinova tapşırılmışdır. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X12 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.4-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarır. 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar və inzibati xəta haqqında protokol ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, iş materiallarından görünür ki, vətəndaş X2 işdən azad edilməsi ilə bağlı son haqq-hesabın hesablanıb verilməsinin icrasında məsuliyyətli şəxs Şəki RMX-nin maliyyə şöbəsinin müdiri Bayram Şəmsəddinov olmuşdur. Belə ki, Şəki “Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli, 18-1- 71/3-1-968/2024 saylı əmrinə əsasən Təcili və X11 şöbəsinin TTTYS-nın işçisi X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, tutduğu vəzifədən azad edilməsi və onun işdən azad edilməsi ilə bağlı son haqq-hesabın hesablanıb verilməsi maliyyə şöbəsinin müdiri Bayram Şəmsəddinova tapşırılması əmr edilsə də, son haqq-hesabın hesablanıb verilməsinin icra edilməməsi görə inzibati məsuliyyətə X12 cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X12 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar