Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-880/2024 04.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxslər X7 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Cumakən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 2063/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(075)-2066/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icraları təmin edilmədiyi üçün (borclu xx.xx.2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilib) borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2063/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 12300 manat məbləğində borc və 126.90 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci ildə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi icra olunmamışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)- 2066/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3959 manat məbləğində borc və 59 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi borclu tərəfindən icra olunmamışdır. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən borclunun adına nəğd pul vəsaitinin, qiymətli əşyalarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, lakin borcluda tələb yönəldiləcək əmlak aşkar olunmamışdır. İcra sənədinin icrası məqsədilə borclu dəfələrlə şöbəyə çağırılmış, lakin borclu çağırışlara vaxtında gəlməmiş, çağırışlara gəlmədiyi üçün borclunun məcburi gətirilməsi barədə qərar qəbul olunaraq ünvanına göndərilmişdir. Lakin borclu göndərilmiş qərara da əhəmiyyət verməmiş, belə olan halda borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin olunmuş, borclu polis tərəfindən məcburi qaydada şöbəyə gətirilmişdir. Borclu əvvəl verdiyi izahatında 2024-cü ildə bostan əkəcəyini, borcunu ödəyəcəyini bildirsədə indi bostan əkmədiyini, yalnız fəhləlik edərək ayda 300 manat qazancının olduğunu bildirir. Həmçinin borclu izahatında çağırışla bağlı xəbərdarlıqları aldığını bildirmiş, Bakıda olduğundan çağırışlara gəlmədiyini bildirmişdir. Buradan da görünür ki, icra sənədi üzrə tələbləri yerinə yetirməməklə, çağırışlara gəlməməklə borclu icra sənədlərinin icrasından yayınır, icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmir. Borclu icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən xx.xx.2023cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş, borclu inzibati qaydada tənbeh olunmuşdur. Borclu, inzibatı tənbeh almış şəxs 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə təkrar törədilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu bu gün 10:00-da şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən qəsdən boyun qaçırmamışdır. Maddi imkanı aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. Onun başqa kredit borcları da olmuşdur. Bir il əvvələ kimi Penitensiar Xidmətdə işləmişdir. Sonradan işdən çıxarılmışdır. Hazırda heç yerdə işləmir. Borclarını ödəməyə maddi imkanı yoxdur. İşləyib borclarını hissə-hissə ödəyəcəkdir. Himayəsində iki azyaşlı övladı vardır. O, bu gün polis əməkdaşları tərəfindən saxlanılaraq 10:00-da şöbəyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək bildirdi ki, borclu heç bir yerdə işləmir. Himayəsində iki azyaşlı övladı vardır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, borclu 2022-ci ildə onunla görüşmüş, ona bildirdi ki, 10000 manat məbləğdə pul düzəldib borcunu ödəyəcəkdir. Lakin borclu onu aldatmış, borcu ödəməmişdir. Eyni hal 2023-cü ildə də təkrarlanmışdır. Borclu səbəb olaraq pulunun olmadığını bildirmişdir. Borcludan şikayətçidir, barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, borclu icra sənədlərinin icrasından qərəzli olaraq yayınır. Bu il də həmişə olduğu kimi bildirmişdir ki, bostan əkib, məhsullarını satıb borcunu ödəyəcəkdir. Lakin sonradan bostan əkmədiyi bildirdi. Borclu borcu ödəməkdən yayınır. Borcludan şikayətçidir, barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2063/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs kredit müqaviləsi əsasında 12000 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat və 126,90 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12426,90 manat pul alınaraq X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2066/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3600 manat borc, vəkilə ödənilmiş 300 manat pul və 59 manat dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2063/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2066/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3(075)-1093/2023 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərrəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 04 sentyabr 2024cü il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 04 sentyabr 2024cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-880/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-880/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver