Məhkəmə qərarları › İş №3(075)-89/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-89/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-89/2022 01.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 28 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş 28 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərmişdir ki, 28 dekabr 2021-ci il tarixdə, təxminən saat 15:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ekonom” marketin qarşısında Natiq adlı şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu zaman o, Natiq adlı şəxsə yaxınlaşaraq orada xanımların, ağsaqqalların olduğunu bildirmiş və Natiq adlı şəxsə nalayiq ifadələr işlətməməsini demişdir. Bu zaman Natiq onun qolundan tutaraq yola tərəf aparmış bir neçə şəxs də onların yanına yaxınlaşmışdır. Həmin vaxt onunla Natiq arasında narazılıq yaranmışdır. Bildirmişdir ki, həmin vaxt o Natiq adlı şəxsin ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. 29 dekabr 2021-ci il tarixdə Şəki rayon məhkəməsində onun barəsində inzibati xətaya dair məhkəmə iclası olmuşdur. Məhkəmə iclasından sonra o, sərbəst buraxılmışdır. 19 yanvar 2022-ci il tarixdə onun ünvanına Şəki ŞRPŞ tərəfindən məktub ünvanlanmışdır. Şəki ŞRPŞ-nin həmin məktubunda bildirilmişdir ki, o, 28 dekabr 2021-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ekonom” marketin qarşısında nalayiq ifadələr işlətdiyi üçün 50 manat məbləğdə cərimə olunmuşdur. Əlavə olaraq göstərmişdir ki, Şəki ŞRPŞ-də olan zaman ona bildirmişlər ki, əgər onlar dediyi kimi ərizə yazsa onu sərbəst buraxacaqlar. Buna görə də o, polis şöbəsində ucadan nəlayiq ifadələr işlətməsi barədə ərizə yazmışdır. Hesab edir ki, barəsində tərtib olunmuş protokol və qərar qəbul edilməməli idi. Buna görə də şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Şəki ŞRPŞ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin 28.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 12.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X4 28 dekabr 2021-ci il tarixdə saat 15:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində “Ekonom” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, 28 dekabr 2021-ci il tarixdə saat 15:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində “Ekonom” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətdiyini etiraf etmişdir. Belə ki, işə əlavə edilmiş X4 yazmış olduğu ərizəsində göstərmişdir ki, “28 dekabr 2021-ci il tarixdə, təxminən saat 15:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ekonom” marketin qarşısında Natiq adlı şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu zaman o, Natiq adlı şəxsə yaxınlaşaraq orada xanımların, ağsaqqalların olduğunu bildirmiş və Natiq adlı şəxsə nalayiq ifadələr işlətməməsini demişdir. Bu zaman Natiq onun qolundan tutaraq yola tərəf aparmış bir neçə şəxs də onların yanına yaxınlaşmışdır. Həmin vaxt onunla Natiq arasında narazılıq yaranmışdır. Bildirmişdir ki, həmin vaxt o Natiq adlı şəxsin ünvanına hər hansı nalayiq ifadə işlətməsə də, ünvansız küçə söyüşləri söymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi X1 hadisə zamanı onun İXM-nin 510-cu maddəsinə əsasən ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətməsi aydın olur. Belə ki, o, araşdırma zamanı “28 dekabr 2021-ci il tarixdə saat 15:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində “Ekonom” marketin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətdiyini göstərmişdir. Göstərilən əsaslarla məhkəmə X3 28 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 28 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar