Məhkəmə qərarları › İş №3(075)-891/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-891/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-891/2023 26.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 və müdafiəçi X8 iştirakları ilə, X1 Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN-1369774 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən Şəki Şəhər-Rayon Polis Şöbəsinin 17 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə nikahımızı rəsmi qaydada qeyd etdirməklə X9 ilə ailə qurmuşdur. Birgə nikahlarından 15 dekabr 2016-cı ildə X14 və X10 adlı iki övladları dünyaya gəlmişdir. İlk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan kənar şəxslərin, həyat yoldaşının ailə üzvlərinin təsiri nəticəsində ailələrində müyyən problemlər yaranmışdır. Belə ki, artıq bir-neçə ildir ki, onun ailəsinə qaynataı Rafiq Ramazanov, qaynanası Ziyafət Ramazanova, baldızı Nərmin Əliyeva və onun həyat yoldaşı Rüfət Əliyev tərəfindən müdaxilə olunur. Onlar müxtəlif bəhanələrlə həyat yoldaşını ona qarşı doldurur və həyat yoldaşında ona qarşı aqresiyya yaradırlar. Həmin şəxslər onu təhqir edir, şər atır, müxtəlif yollarla ona təzyiq göstərirlər. 2021-ci ilin iyun ayında qaynatası Rafiq Ramazanov yaşadığı evə basqın edərək azyaşlı övladlarının və evində olan qonağın gözü önündə onu döymüş, başınma stol vurmuş, 4 yaşlı övladı qucağında ola-ola onun qolunu buraraq ona yumruqla zərbələr endirmiş, azyaşlı övladlarını onun əlindən zorla alaraq aparmaq istəmişdir. Lakin, o, bütün təzyiqlərə, təhqirlərə və atılan şər-böhtana baxmayaraq həmin gün onun öz niyyətinə nail olmasına-azyaşlı övladlarını ondan alaraq ailəsini dağıtmasına imkan verməmişdir. Səhəri gün işdə olarkən ürəyində olan narahatçılıqla bağlı müalicə aldığı üçün sistem köçürmək üçün tibb bacısı olan xalasının yanına getmişdir. Evinə qayıtdıqda həyət qapısının açıq olduğunu görüb evə qaçmışdır. Həmin vaxt evdə həyat yoldaşının, iki azyaşlı övladının, paltarların və qızıl-zinət əşyalarının olmadığını, aparıldığını görüb səhhəti pisləşmiş və xalası tərəfindən ona təcili yardım çağırılmışdır. Həmin gün edilən yardımlara baxmayaraq özündə olmamışdır. Səhəri gün qonşular tərəfindən ona bildirilmişdir ki, qaynatası Rafiq Ramazanov polislə birlikdə heç bir rəsmi icazə, sənəd, xəbərdarlıq edilmədən əkiz azyaşlı övladlarını və həyat yoldaşını polis maşınında, digər əşyaları isə başqa maşında aparmışlar. Bundan sonra o, dəfələrlə ailəsinin bərpa edilməsi üçün cəhdlər etsə də, hər hansı bir müsbət nəticə əldə edə bilməmişdir. Dəfələrlə həyat yoldaşı X9 və onun ailə üzvləri ilə aralarında məhkəmə mübahisələri olmuşdur. O, hər dəfə azyaşlı övladlarını həmin mübahisələrdən kənar tutmağa çalışsa da, qarşı tərəfindən həmin reaksiyanı görə bilməmişdir. Hal-hazırda X9 ilə aralarında uşaqla ünsiyyət tələbinə dair onun iddiası üzrə mübahisə mövcuddur. Həmin iddia tələbinə baxılarkən onun ərizəsi əsasında iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək azyaşlı övladları ilə görüşməsi üçün qərardad qəbul edilmişdir. O, hər dəfə azyaşlı övladlarını görmək üçün getdikdə X9 və onun ailə üzvləri tərəfindən müxtəlif maneələrlə üzləşmişdir. Bununla bağlı dəfələrlə icra məmuruna, həmçinin Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə məlumat vermişdir. Ancaq onun bütün müraciətləri cavabsız qalmışdır. Daha sonra 09 sentyabr 2023-cü ildə ona məktub gəldikdə bilmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ilə o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) yüz manat cərimə edilmişdir. Göstərmişdir ki, 25 iyun 2023-cü ildə o, qəbul edilmiş qərar əsasında uşaqlarını götürməyə getmiş və uşaqlarını götürərkən X9 ilə aralarında sözlü mübahisə baş vermişdir. Həmin vaxt o, ümumiyyətlə X5 yaxınlaşmamış, mümkün qədər ondan kənara durmağa çalışmışdır. Lakin, X9 onun arxasınca gələrək baş nahiyəsinə zərbə vurmuşdur. O isə əlavə mübahisə olmaması üçün tez onu gözləyən taksiyə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə məlumat vermişdir. Ancaq keçən müddət ərzində həmin müraciətinin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı qanunsuz, əsassız və ədalətsizdir. Odur ki, barəsində qəbul edilən Şəki Şəhər-Rayon Polis Şöbəsinin 17 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, hadisə baş verən birgə nikahlarından olan uşaqlarına lazım olan ləvazimatlar almış, aparıb uşaqlarına vermək istəmişdir. O, taksi fəaliyyəti ilə məşğul olan X6 idarə etdiyi avtomobillə həyat yoldaşı X9gilin evinə getmişdir. Bu zaman X9 uşaqlar üçün aldığı ləvazimatları onun üstünə ataraq qapını bağlamaq istəmişdir. Əşyaların onlara lazım olmadığını bildirmiş, o, isə öz növbəsində əşyaları ona deyil, övladlarına aldığını bildirmişdir. Nətəcədə onunla həyat yoldaşı arasında sözlə mübahisə yaranmış, o, münaqişə davam etdirilməməsi məqsədilə X6 idarə etdiyi minik avtomobilə tərəf gedərkən X9 arxadan yumruqla onun baş nayihəsinə zərbə endirmişdir. Bu zaman yoldan keçən bir xanım taksi fəaliyyəti ilə məşğul olan X11 ilə yanaşı həmin hadisənin şahidi olmuşdur. Hətta o, xanıma bunu görüb görməməyi barədə sual vermişdir. Xanım isə öz növbəsində həmin hadisəni gördüyünü başını tərpədərəq təsdiq etmiş və mehriban olmalarını tövsiyə etmişdir. Lakin həmin xanımın şəxsiyyəti barədə dəqiq məlumat verə bilmir. Hesab edir ki, həmin xanım X4 qonşuluğunda yaşayan şəxslərdən biri ola bilər. Bir müddət sonra isə baş nayihəsində hər hansı bir zədənin olub-olmaması ilə bağlı rentgen müayinəsinə getmiş, lakin rentgen aparatı nasaz olduğundan başını yoxlada bilməmişdir. Göstərmişdir ki, o, DİN “102” xidmətinə zəng vuraraq baş verən hadisə ilə bağlı məlumat vermişdir. Lakin polis əməkdaşları tərəfindən heç bir tədbir görülməmiş və onun məlumatına baxılmamışdır. Onun DİN “102” xidmətinə zəng vurması ilə bağlı elektron informasiya sistemi daşıyıcısı olan flaşkart da vardır. Daha sonra 09 sentyabr 2023-cü ildə ona məktub gəldikdə bilmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ilə o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) yüz manat cərimə edilmişdir. Şəki ŞRPŞ-nin qeyd edilən məktubunda onun 300 manat məbləğdə cərimə olunduğu göstərilsə də, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun 500 manat məbləğdə cərimə olunduğu göstərilmişdir. Baş vermiş hadisə ilə bağlı Şəki ŞRPŞ-də onun izahatı alınmamış, heç ümumiyyətlə o, polis şöbəsinə dəvət edilməmişdir. Ona Şəki ŞRPŞ-dən 22 iyul tarixli bildiriş gələrək iyul ayının 3-də ona Şəki ŞRPŞ-də olması bildirilmişdir. Hesab edir ki, Şəki ŞRPŞ-də baş verən hadisə tam, ətraflı araşdırılmamış barəsində əsassız olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 500 manat məbləğdə cərimə olunmuşdur. Onun araşdırmaya təqdim olunası sübutları, şahidi var. Ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 müdafiəçisi X15 X1 vermiş olduğu izahatına oxşar məzmunda izahat verərək göstərdi ki, X2 ilə X9 arasında 25 iyun 2023-cü il tarixdə baş vermiş hadisə Şəki ŞRPŞ-də tam və obyektiv şəkildə araşdırılmadan əsassız olaraq X1 barəsində 17 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 500 manat məbləğdə cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, araşdırma zamanı X1 izahatı alınmamış, ərizəçi izahat verməsi üçün polis şöbəsinə dəvət edilməmişdir. Halbu ki, onlar sübutlar təqdim etməlidirlər. Hesab edir ki, Şəki ŞRPŞ-də baş vermiş hadisə obyektiv şəkildə araşdırılmamış, pozuntulara yol verilməklə ərizəçinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2023-cü il tarixli X7 izahatından görünür ki, izahatın məzmununda X7 izahat verməkdən imtina etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X12 tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşı Aytən Bağıyevanın sağlamlığına zərər vurmayan xəsarətlərlə döydüyü üçün barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 İXM-nin 157-ci maddəsinin tələblərini pozduğuna görə barəsində 500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X3 ŞRPŞ-yə ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Zaur tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş 19 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1/1018 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, X7 İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X7 ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X13 2015-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə X9 ilə ailə qurmuşdur. Birgə nikahlarından 15 dekabr 2016-cı ildə X14 və X10 adlı iki övladları dünyaya gəlmişdir. Lakin bir müddətdən sonra ailə münasibətləri pozulmuşdur. 25 iyun 2023-cü il tarixdə X13 birgə nikahlarından olan uşaqlarını götürməyə gedən zaman X9 ilə aralarında mübahisə baş vermişdir. Ərizəçinin qeyd etməsinə görə X9 mübahisə zamanı X7 baş nayihəsindən yumruqla zərbə vurmuşdur. Baş vermiş hadisədən sonra X13 DİN “102” xidmətinə məlumat vermişdir, bundan başqa X9 ərizə ilə Şəki ŞRPŞ-nə müraciət edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, iş materiallarında olan materiallardan görünür ki, hazırki iş üzrə Şəki ŞRPŞdə araşdırma aparılan zaman X9 və X13 polis şöbəsinə dəvət edilməmiş və onlardan izahat alınmamışdır. İş materiallarına əlavə edilmiş X7 izahatında onun izahat verəməkdən imtina etməsi qeyd edilsə də, ərizəçi məhkəmə iclasında ondan Şəki ŞRPŞ-də izahat alınmadığını, habelə onun Şəki ŞRPŞ-yə dəvət edilmədiyini bildirmişdir. İş üzrə şahidlərin dairəsi müəyyən olunmamış, dindirilməmişlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyul 2023-cü il tarixli qərardan da göründüyü kimi X7 izahatı alınmamışdır. Göründüyü kimi baş vermiş hadisə səlahiyyətli orqan tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamış, pozuntulara yol verilərək X7 barəsində 17 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 17 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadından, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qəbul edilmiş 17 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Şəki ŞRPŞ-də yenidən baxılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar