Məhkəmə qərarları › İş №3(075)-895/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-895/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-895/2023 11.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2023-cü il tarixli, EQ-16739273 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2023cü il tarixli, EQ-16739273 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edilməsi və cərimə məbləğinin onun üzərindən götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2023-cü il tarixdə onun elektron poçt ünvanına barəsində tərtib edilmiş EQ-16739273 nömrəli, 07 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol göndərilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbuki, o həmin protokolda nəzərdə tutulmuş xətanı törtəməmişdir. Belə ki, onun istifadəsində **-CD-*** dövlət nömrə nişanlı avtomobil vardır. O həmin avomobildən etibarnamə əsasında istifadə edirdi. Lakin, onun ödənilməmiş inzibati cəriməsi olduğuna görə məhkəmə qaydasında onun sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılmışdır. Özü kənddə yaşayır və işidə kənddə olduğundan hər zaman avtomobilə ehtiyacı olmur. Buna görə də hansısa vaxt avtomobilə ehtiyac olduqda və öz avtomobili ilə Şəki şəhərinə gəlmək istədikdə həmin avtomobili özü deyil, sürücülük vəsiqəsi olan yaxın dostu idarə edir. 07 sentyabr 2023-cü il tarixdə də həmin avtomobillə Şəki şəhərinə gəlməli olmuşdur, lakin, həmin avtomobili özü deyil, sürücülük vəsiqəsi olan yaxın dostu idarə etmişdir. Həmin gün yaxın dostu avtomobili Şəki şəhəri, S.Rəhman küçəsinin “Təzə Bazar” adlanan ərazisindən keçən hissəsində saxlayarkən dayanma-durma qaydasını pozmuşdur. Yəni, belə bir xəta mövcuddursa da, həmin xətanı o deyil, avtomobili idarə edən şəxs törətmişdir. Lakin, bununla bağlı inzibati xəta haqqında protokol həmin şəxsin barəsində deyil, onun barəsində tərtib edilmişdir. Bu isə onun hüquqlarının pozulması ilə nəticələnir. Halbuki, həmin xətanın törədilməsində onun heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 izahat verərək bildirdi ki, o, 18 fevral 2023-cü il tarixdə Bakı şəhərində çörək sexində işə başlamışdır. “Ford Tranzit” markalı, **-OL-*** dövlət nömrə nişanlı avtomobilə onun etibarnamə verilmişdir. 17 aprel 2023-cü il tarixdə işdən çıxsa da, etibarnamə ləğv edilməmişdir. Avtomobili onun idarə etməməyinə baxmayaraq, cərimələr onun adına gəlmişdir. Əlavə olaraq bildirdi ki, barəsində tərtib edilmiş qərar üzrə cərimə məbləği 20 manat olduğu halda onun barəsində 300 manat cərimə yazılmışdır. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş Şəki ŞRPŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Şəki ŞRPŞ–nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ-16739273 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə X3 barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, EQ-16739273 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş dayanma qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Göründüyü kimi X3 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ-16739273 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X2, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 20 (iyirmi) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində xx.xx.2023-cü il tarixli, EQ-16739273 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X3 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 20 (iyirmi) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar