Məhkəmə qərarları › İş №3(075)-90/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-90/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-90/2025 06.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun (vəkili) Hacı-X1 iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, inzibati protokol tərtib olunduqdan sonra iş üzrə Şəxs icra sənədi üzrə borcundan 3000 manat ödəmiş və iş üzrə tələbkarla razılıq əldə etmişlər. Buna görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcundan 3000 manat ödəmişdir. Qalıq borcu tezliklə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X7 Vəkil Bürosunun vəkili X2 oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 13556.65 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. 06 fevral 2025-ci il tarixli, 1657 nömrəli “eManat” ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3000 AZN pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs adına olan kart hesabına ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış inzibati qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra icra sənədi üzrə 3000 manat borcu ödəmiş, qalan borcu da yaxın vaxtda ödəyəcəyinə söz vermişdir. Bu qeyd edilənlər məhkəmənin borclunun icra sənədini qərəzli olaraq icra etməməsi qənaətinə gəlməsinə əsas vermir. Qeyd edilən inzibati xəta haqqında normanın mahiyyəti ondan ibarətdir ki, borclu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra sənədini qərəzli olaraq icra etməsin. İş materiallarından da göründüyü kimi icra məmuru borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərmiş, lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Belə olan halda icra məmuru özü müəyyən etmişdir ki, borclunun icra sənədini icra edə biləcək nə pulu, nə də üzərinə həbs qoyula biləcək əmlakı yoxdur. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməsə də, borclu icra sənədi üzrə ödənişlər etməyə çalışmış, bu günkü tarixdə isə borcundan 3000 manatın ödənilməsini təmin etməklə növbəti günlərdə qalan borcu ödəyəcəyinə söz vermişdir. Məhkəmə borclunun icra sənədi üzrə ödəniş etməsini onun borcunu ödəməməkdə qərəzli olmaması kimi qiymətləndirir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmamışdır. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları olmamışdır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar