Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-912/2024 09.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, əlilliyi olmayan, Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 07 sentyabr 2024-cü il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 sentyabr 2024-cü il tarixdə, saat 22:30 radələrində Şəki ŞRPŞ-də olan zaman ucadan nalayiq sözlər işlətmiş, iş rejimini pozmuş və polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki ŞRPŞnin növbətçi hissəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xidmətdə olduqları zaman, saat təxminən 22:16 radələrirdə Şəki rayon, baltalı kənd sakini Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək qayda pozuntusu törətdiyi üçün Şəki ŞRPŞ-nin PPXB tərəfindən polis şöbəsinə gətirilmişdir. Həmin şəxs Şəki ŞRPŞ-nin inzibati binasında ünvansız nalayiq ifadələr işlədərək ucadan səs-küy salaraq şöbənin iş rejimini pozmuşdur. Həmin şəxsə dəfələrlə etdiyi hərəkətlərə son qoymasını tələb etsələrdə, həmin şəxs təkrar-təkrar öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, həmin şəxs toy məclisindən çıxmış, içkili vəziyyətdə başqa şəxslə dava etmişdir. Buna görə də polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin izahatını o almışdır. Şöbədə olan zaman onların qanuni tələblərinə məhəl qoymamış, nalayiq söyüşlər söymüş, iş rejimini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Ruzi” şadlıq sarayında iş yoldaşının toyu olmuşdur. Toydan çıxmış, yolda içkili vəziyyətdə nalayiq işlədən şəxs görmüşdür. O, həmin şəxsi sakitləşdirmək istəyən zaman polis əməkdaşları gəlmiş, onu və digər şəxsləri polis şöbəsinə aparmışlar. O, bu səbəbdən əsəbləşərək nalayiq ifadələr işlətmişdir. Həmçinin polis şöbəsində onun əllərini qandal vasitəsilə bağlamışlar, bundan sonra o daha da hiddətlənmiş, nalayiq ifadələr işlətmişdir. Bu hadisədə onun hər hansı təqsiri olmamış, sadəcə toydan içkili vəziyyətdə çıxıb nalayiq ifadələr işlədən şəxsləri sakitləşdirmək istəmişdir. Lakin polis əməkdaşları onu da polis şöbəsinə aparmışlar. Hadisə zamanı özü də içkili vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Ailəlidir, himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin məsul növbətçisi, polis baş leytenantı X8 ifadə verərək bildirdi ki, Şəki ŞRPŞ-nin növbətçi hissəsində xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Polis kiçk serjantı Anar İsmayılzadə ilə birlikdə xidmətdə olduqları zaman, saat təxminən 22:16 radələrində Şəki rayon, baltalı kənd sakini Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək qayda pozuntusu törətdiyi üçün Şəki ŞRPŞnin PPXB tərəfindən polis şöbəsinə gətirilmişdir. Həmin şəxs Şəki ŞRPŞ-nin inzibati binasında ünvansız nalayiq ifadələr işlədərək ucadan səs-küy salaraq şöbənin iş rejimini pozmuşdur. Həmin şəxsə dəfələrlə etdiyi hərəkətlərə son qoymasını tələb etsələrdə, həmin şəxs təkrar-təkrar öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, Şəxs küçədə ictimai yerdə ucadan nalayiq söyüş söydüyü üçün polis şöbəsinə gətirilmişdir. Özünə xəsarət yetirməyə çalışdığı üçün onun qolunu qandal vasitəsilə bağlamışlar. Dəfələrlə həmin şəxsi sakitləşdirməyə çalışmışlar, lakin onların qanuni tələblərini yerinə yetirməyərək ucadan danışmış, söyüş söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin məsul növbətçi köməkçisi, polis kiçik serjantı X2 digər şahid X8 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 22:16 radələrində küçədə nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Polis şöbəsində nalayiq ifadələr işlətmiş, ucadan danışmış, söyüş söymüşdür. Onlar həmin şəxsi dəfələrlə nizam-iltizama dəvət edib, sakitləşdirməyə çalışsalar, qanuni tələblərinə tabe olmayaraq ucadan söyüş söymüş şöbənin iş rejimini pozmuşdur. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutulma haqqında” 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:15-də tutulmuş, xx.xx.2024-cü il tarixdə 12:00-da azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 07 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əşya aşkar edilməmişdir. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 240 A saylı protokoldan görünür ki, Şəxs həkim tərəfindən yoxlanılan zaman sərxoş olması müəyyən olunmuşdur. - CD diskdə olan video görüntülərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki ŞRPŞ-də saxlanılan zaman o, etiraz edərək səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, eyni zamanda İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nalayiq söyüş söyməsi, polisin qanuni tələblərinə tabe olmaması göstərilsə də, CD diskdəki video görüntülərdən görünür ki, Şəxs polis şöbəsində olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və nalayiq ifadələr işlətməsi müşahidə edilmişdir. Bundan başqa onun küçədə ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydaları pozmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə küçədə nalayiq ifadələr işlətmədiyini, küçədə söyüş söyən şəxsi sakitləşdirməyə çalışdığını bildirmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, himayəsində biri azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun 07 sentyabr 2024-cü il tarix, saat 22:15-dən 09 sentyabr 2024cü il tarix saat 12:00-dək inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 07 sentyabr 2024-cü il tarix, saat 22:15-dən 09 sentyabr 2024-cü il tarix saat 12:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-912/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-912/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver