Məhkəmə qərarları › İş №3(075)-917/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-917/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-917/2024 07.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin ENŞ-nin baş müfəttişi X4 tərəfindən tərtib edilmiş 06 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən “Birləşmiş Xidmətlər Mərkəzi” adlanan obyektinin reklamları barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmiş və beləliklə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən “Birləşmiş Xidmətlər Mərkəzi” obyektinin qarşısında açıq məkanda 8,70 m x 0,50 m x 1 ədəd = 4,35 m2 (fasad reklamı), 8,40 m x 0,50 m x 1 ədəd = 4,20 m2 (fasad reklamı), 5,0 m x 0,50 m x 1 ədəd = 2,50 m2 (fasad reklamı), 3,0 m x 0,50 m x 1 ədəd = 1,50 m2 (fasad reklamı), radius = 1,25 m2 x 1 ədəd = 4,91 m2 (fasad reklamı) və 1,20 m x 0,70 m x 1 ədəd = 0,84 m2 (monitor) ölçüdə olan reklamları müvafiq icazə alınmadan yerləşdirilmiş və yayımlanmışdır. Bu barədə 29 avqust 2024-cü il tarixdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib olunmuşdur. Həmçinin 29 avqust 2024-cü il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X8 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Bildirmişdir ki, icazənin müddəti avqustun 15-i vaxt bitəndən sonra o və digər əməkdaşlar Şəxs zəng etmişdilər. Avqustun 30-u vətəndaşı çağırıb sənədlərlə tanış etmişdir. Həmin şəxs özü imza etmişdir. Onlar inzibati xəta haqqında protokolu tərtib edən zaman obyekt fəaliyyət göstərmişdir. 06 sentyabrda inzibati xəta haqqında protokolu yazan əməkdaş həmin obyektdə olmuşdur. Qanunvericiliyə əsasən bilbordlarla bağlı onların reklamı sökmək səlahiyyətləri vardır. Həmin vətəndaş telefon danışığı zamanı özü təstiq etmiş və müddət istəmişdir. Həmin şəxsə izah olunmuşdur ki, artıq ona dəfələrlə vaxt verilmiş, onun kifayət qədər vaxtı olmuşdur. İnzibati pozuntunun sanksiyası izah olunmuş və cərimə barədə şəxs xəbərdar olunmuşdur. Lakin Şəxs edilən xəbərdarlıqlara baxmayaraq onun tərəfindən hər hansı qanuni hərəkət müşahidə olunmamışdır. Nəticədə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbl edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, o, əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Avqust ayının biri fəaliyyətini dayandırmışdır. O, artıq fəaliyyət göstərməmələri barədə məlumat vermişdir. Dövlət orqanının nümayəndəsi zəng edib, obyektə yerləşdirilmiş reklamın qanunsuz olmasını bildirmişdir. O, idarəyə yaxınlaşmış, sənədlərə imza atmışdır. Sənədləri imzalayanda zənn etmişdir ki, xitamla bağlıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün reklamın 4/5 hissəsi sökülmüşdür. BXM-nin təsisçisi fəaliyyət göstərməmiş, passiv fəaliyət göstərmişdir. İnzibati xəta haqqında protokol tərtib edilən gün onların işçiləri xahiş etmişdilər ki, reklamın cüzi bir hissəsi qalıb sökülməsi üçün vaxt verilsin. Reklam Agentliyinin əməkdaşları isə inzibati xəta haqqında protokol tərtib etdilər. Hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etməkdə əməkdaşlar onlara qarşı qərəzlidirlər. O, rüsumları vaxtlı-vaxtında ödəmişdir. Hal-hazırda BXM-i fəaliyyət göstərmir. İki əməkdaş yenidən icarə müqaviləsi bağlamalı idi. 06 sentyabrda 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilən zaman obyekt bağlı olmuşdur. O, fəaliyyətini dayandırdığını bildirmişdir. Ona 2 ay vaxt verilmişdir. Telefonda danışanda o, vaxt istəyə bilər. Ola bilər ki, o, digərləri üçün də vaxt istəmiş ola bilər. Onun son üç ay ərzində heç bir fəaliyyətinin olmaması barədə sənədləri vardır. Axırıncı gün akt tərtib edilən zaman şəkildə görünür ki, obyektin qapısı bağlıdır. Bütün reklamlar sökülmüşdür. Sadəcə həmin reklam qalmışdır. Onun da protokollaşdırılmamasını xahiş etmiş, özləri sökəcəklərini bildirmişdir. İnzibati xəta haqqında protokolda iki ad qeyd edilmişdir. BXM və onun fiziki şəxs olaraq. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - 06 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. - 28 avqust 2024-cü il tarixli, 000601 nömrəli aktdan görünür ki, Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən “Birləşmiş Xidmətlər Mərkəzi” adlı obyekdə Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla 8,70 m x 0,50 m x 1 ədəd = 4,35 m2 (fasad reklamı), 8,40 m x 0,50 m x 1 ədəd = 4,20 m2 (fasad reklamı), 5,0 m x 0,50 m x 1 ədəd = 2,50 m2 (fasad reklamı), 3,0 m x 0,50 m x 1 ədəd = 1,50 m2 (fasad reklamı), radius = 1,25 m2 x 1 ədəd = 4,91 m2 (fasad reklamı) və 1,20 m x 0,70 m x 1 ədəd = 0,84 m2 (monitor) ölçüdə reklamlar müvafiq icazə alınmadan yerləşdirilmişdir. - Foto şəkillərdən görünür ki, Şəxs Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən fəaliyyət göstərdiyi “Birləşmiş Xidmətlər Mərkəzi” adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmişdir. - Şəxs ünvanlanmış 29 avqust 2024-cü il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən “Birləşmiş Xidmətlər Mərkəzi” adlı obyektdə yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X8 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. Yazılı göstərişi Şəxs xx.xx.2024-cü il tarixdə imzalamaqla şəxsən qəbul etmişdir. - xx.xx.2024-cü il tarixli, TF-05/2024 saylı telefonoqramın surətindən və CD diskdə olan səs yazısından görünür ki, X8 İdarəsinin hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Elvin Kərimov istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə sahibkar Şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng edərək barəsində xx.xx.2024-cü il tarixdə, saat 09:30-da fəaliyyət göstərdiyi Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən “Birləşmiş Xidmətlər Mərkəzi” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə idarə tərəfindən verilmiş yazılı göstərişin tələbləri vaxtında və tam icra olunmadıqda İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən “Birləşmiş Xidmətlər Mərkəzi” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 28 avqust 2024-cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 8,70 m x 0,50 m x 1 ədəd = 4,35 m2 (fasad reklamı), 8,40 m x 0,50 m x 1 ədəd = 4,20 m2 (fasad reklamı), 5,0 m x 0,50 m x 1 ədəd = 2,50 m2 (fasad reklamı), 3,0 m x 0,50 m x 1 ədəd = 1,50 m2 (fasad reklamı), radius = 1,25 m2 x 1 ədəd = 4,91 m2 (fasad reklamı) və 1,20 m x 0,70 m x 1 ədəd = 0,84 m2 (monitor) ölçüdə reklamlar yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti 30 avqust 2024-cü il tarixdə Şəxs rəsmi qaydada təqdim edilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin 29 avqust 2024-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin Şəxs rəsmi qaydada göndərilmiş aktı və icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və protokol tərtib etmiş şəxsin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1500 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar