Məhkəmə qərarları › İş №3(075)-92/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-92/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-92/2022 16.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Mustafayeva Sevinc Fikrət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-1086/2018 nömrəli, 01.10.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 09.08.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq 03.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X1 xeyrinə verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-1086/2018 nömrəli, 01.10.2018ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 09.08.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq 03.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X1 xeyrinə ödənilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs 540 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunan icra sənədi üzrə 12.11.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilmişdir. Lakin icra sənədi üzrə tələbin tam olaraq icrası təmin edilməmişdir. Dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbin icrasını təmin etmədiyi üçün borcu barəsində 28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmiş. Şəki Rayon Məhkəməsinin 3(075)- 123/2019 saylı, 28.02.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən borclu Şəxs 10 gün müddət nə inzibati qaydada həbs edilmişdir.Daha sonra, yenidən aliment öhcəliyinin icrasını təmin etmədiyi və çağırış üzrə gəlməkdən boyun qaçırdığı üçün borclu Şəxs barəsində 07.06.2019-cu il və 09.06.2021-ci il tarixlərində "borclunun axtarılması barədə" qərarlar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfndən borclu Şəxs barəsində 27.06.2019-cu il tarixdə 820199 saylı və 16.06.2021-ci il tarixində 820916 saylı axtarış işləri açılmışdır. Borclu Şəxs barəsində görülən məcburi icra tədbirlərinə, dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələbin tam olaraq icrasını təmin etməmiş, həmçinin dəfələrlə çağırış üzrə gəlməkdən yayınmışdır. 16.02.2021-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq yenidən Şəki rayonu üzrə icra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında halhazırki tarixdə icra sənədi üzrə yaranmış 540 manat aliment borcunu tam olaraq ödəyə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 16 fevral 2022-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-1086/2018 nömrəli, 01.10.2018-ci il tarixli icra sənədinə əsasən ondan 09.08.2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq 03.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədindən xəbəri vardır. Barəsində olan həmin məhkəmə qərarını icra etməli olduğunu bilir, ancaq maddi imkanının olmadığından borcunu ödəyə bilmir. İşsizdir. Hazırda yalnız 100-120 manat ödəniş edə bilər. Qalan məbləğidə hissə-hissə ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, 16 fevral 2022-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 Təmraz Nəzir oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş alimenti məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 16 fevral 2022-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 16 fevral 2022-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 16 fevral 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 16 fevral 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar