Məhkəmə qərarları › İş №3(075)-934/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-934/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-934/2024 30.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X6 İdarəsinin nümayəndəsi miqrasiya xidməti müşaviri X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X6 İdarəsinin MN seriyalı, ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Alparslan Özcan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə təqsirli bilinərək, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan Alparslan Özcan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin X6 İdarəsinin MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında tərtib olunmuş MN ******* saylı qərarın ləğv edilərək barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində Heydər Əliyev adına hava limanında yerləşən sərhədkeçmə məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasına daxil olduğu zaman sərhədkeçmə məntəqəsində onun hansısa bir müddət ərzində Azərbaycanda olması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat vermək və olduğu yer üzrə qeydiyyata düşməsi ilə bağlı ona yaxud ailə üzvlərinə hər hansı bir xəbərdarlıq və ya bildiriş təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixində həyat yoldaşının mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən zəng edərək Dövlət Miqrasiya Xidmətinin Şəki Regional bölməsinin əməkdaşı tərəfindən o, Dövlət Miqrasiya Xidmətinin Şəki Regional bölməsinə çağrılmışdır. Bölmədə olduğu zaman onun ölkə ərazisinə daxil olduğu gündən 15 gün ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat vermək və olduğu yer üzrə qeydiyyata düşmək öhdəliyinin olduğunu bildirərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək həmin protokol əsasında inzibati xəta haqqında MN ******* saylı qərar qəbul edərək onu 300 manat məbləğində cərimə etmişlər. O, nə qədər də desə ki, hansısa bir müddət ərzində Azərbaycanda olması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat vermək və olduğu yer üzrə qeydiyyata düşmə öhdəliyinin olması barədə məlumatı olmayıb və heç kim ona bu barədə xəbərdarlıq və ya bildiriş təqdim etməyib heç bir təsiri olmadı. Hətta adı məlum olmayan bir miqrasiya əməkdaşı ailə üzvlərinin yanında ona hədə qorxu gələrək istəsə bu dəqiqə onu əli qolu bağlı bir şəkildə ölkədən ailə üzvlərinin yanındaca ölkədən xaric edəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ərizəçi Alparslan Özcan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X6 İdarəsinin nümayəndəsi miqrasiya xidməti müşaviri X5 izahat verərək bildirdi ki, şikayət ərizəsini əsassız hesab edir. Belə ki, ərizəçi Alparslan Özcan əvvəllər ölkəyə gəlmiş, onun həyat yoldaşı onun üçün qeydiyyatdan keçmişdir. Onlar xarici vətəndaşların Azərbaycan Respublikası ərazisinə daxil olduqdan 15 gün ərzində olduğu yerə qeydiyyata düşmələri barədə broşürü Dövlət Sərhəd Xidmətinə təqdim edirlər. Sərhəd keçid məntəqəsində həmin broşür vətəndaşın pasportunun içərisinə qoyulmaqla təqdim edilir. Bundan başqa təyyarə ölkə ərazisinə yaxınlaşıb hava limanına eniş edən zaman səsli şəkildə həmin məlumat vətəndaşlara bildirilir. Hava limanında da xarici vətəndaşların qeydiyyatdan keçmələri barədə məlumatlar yerləşdirilib. Məlumatların verilməsinə dair hər hansı xüsusi qayda müəyyən edilməmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin və səlahiyyətli orqanın izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - X6 İdarəsinin bölmə rəisi X1 tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Alparslan Özcan 10 sentyabr 2024-cü il tarixdən şəxsin Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşayaraq inzibati xəta hadisəsi törətdiyi üçün barəsində İXM-nin 575.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - X6 İdarəsinin bölmə rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Alparslan Özcan İXMnin 575.1.1-ci maddəsinə əsasən ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 (üç yüz) manat inzibati cərimə edilmiş, üzərinə 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşmək öhdəliyi qoyulmuşdur. - Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 82065449 nömrəli bildirişdən görünür ki, Alparslan Özcan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmış, bununla yanaşı Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsinə əsasən qeydiyyata alınmaq üçün ölkəyə gəldiyi 15 gün ərzində müraciət etmədiyindən barəsində İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar işı baxılması üçün Bakı Regional Miqrasiya İdarəsinə dəvət olunmuşdur. - X6 İdarəsinin bölmə rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərardan görünür ki, Alparslan Özcan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə ödənilənədək qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra - “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin Məcəlləsinin 21.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Həmin Məcəlləsinin 21.8-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Həmin Məcəlləsinin 21.9-cu maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2-21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatdan aydın olur ki, ərizəçi Alparslan Özcan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X6 İdarəsi tərəfindən MN ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi ilə bağlı ərizəsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən Alparslan Özcanın Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra olduğu müvafiq ünvana 15 gün ərzində qeydiyyata düşməməsi öz təsdiqini tapır. Şikayətçi şikayət ərizəsində bununla bağlı məlumatının olmadığını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qanunvericilikdə Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı bildirişin təqdim edilməsinin xüsusi qaydası müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, qanunu bilməmək məsuliyyətdən azad olunma üçün əsas ola bilməz. Bundan əlavə Alparslan Özcanın daha əvvəl də Azərbaycan Respublikası ərazisinə gəlməsi, onun qeydiyatının həyat yoldaşı tərəfindən həyata keçirilməsi iş materialları ilə öz təqdiqini tapmışdır ki, bu da şikayətçinin qeydiyata alınma ilə bağlı müraciət etməli olması barədə məlumatının olmadığına dair dediklərinin səmimiliyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Alparslan Özcanın şikayətində qeyd olunan 10 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Alparslan Özcanın barəsində qəbul edilmiş 10 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Alparslan Özcan tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X6 İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar