Məhkəmə qərarları › İş №3(075)-959/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-959/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-959/2025 08.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəki-Zaqatala regional Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DƏMX-nin Şəki-Zaqatala RS-nın rəis müavini X6 tərəfindən tərtib edilmiş, hüquqi şəxs “Şəki-Zaqatala regional Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı aparılmış təhqiqatın yekununda verilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-75147/2025 saylı icrası məcburi göstəriş Zaqatala rayonu, Aşağı Tala kəndi, X7 3 nömrəli tam orta ümumi təhsil məktəbinin rəhbərliyi tərəfindən icra edilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXMin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “Şəki-Zaqatala regional Təhsil İdarəsi tərəfindən İXM-nin 539.1-1ci maddəsinin tələblərini pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 22 avqust 2025-ci il tarixli, 3-17-5/2-75147/2025 saylı icrası məcburi göstəriş məktubundan görünür ki, icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərəflərindən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 17 dekabr 2025-ci il tarixli, 3-17-5/2-117932/2025 saylı məktubundan görünür ki, tərəflərindən Zaqatala rayon, Aşağı Tala kəndi X7 3 saylı tam orta ümumtəhsil məktəbinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-75147/2025 saylı icrası məcburi göstəriş məktubuna əsasən təsdiqedici sənədlər məktəb rəhbərliyinin xx.xx.2025-ci il tarixli 32 saylı məktubuna əlavə edilərək xx.xx.2025-ci il tarixdə elektron poçt vasitəsilə göndərilmiş və həmin tarixdə X4 Xidmətinin X2ndə 3-17-5/1-74435/2025 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən Şəki- Zaqatala regional Təhsil İdarəsinin barəsində inzibati tənbeh vermə haqqında protokol qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını tələbləri pozulmuşdur. Belə ki, icrası məcburi göstəriş Zaqatala rayon, Aşağı Tala kəndi X7 3 saylı tam orta ümumtəhsil məktəbinə ünvanlanmış, lakin protokol Şəki-Zaqatala regional Təhsil İdarəsi barəsində tərtib edilmişdir. İnzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən göstərilən icrası məcburi göstəriş məktubunun məktəb tərəfindən icra edilib-edilməməsi aydınlaşdırılmamış, eyni zamanda protokol təqsiri olmayan şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəki-Zaqatala regional Təhsil İdarəsinin inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs “Şəki-Zaqatala regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar