Məhkəmə qərarları › İş №3(075)-961/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-961/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-961/2023 06.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryeyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxx 1998-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN;xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Baş Zəyzid kəndində kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 05 oktyabr 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx xxx 1998-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, evli, Şəki rayonu, Baş Zəyzid kəndində yaşayan Şəxs Göyçay Rayon Məhkəməsinin 2 (046)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq borclu Şəxs oğundan hər ay 120 manat olmaqla cəmi 360 manat və uşağın sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 5350 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında imkanı olmadığından aliment borcundan ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Vidadi Əhmədov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclu icra sənədi üzrə 1000 manatdan başqa digər ödəniş etməmişdir. Borclunun hal-hazırki vaxtadək ödənilməmiş aliment borcunun məbləği 5350 manat təşkil edir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən heç vaxt qəsdən boyun qaçırmamışdır. O, artıq uzun müddətdir ki, tələbkarın şikayətlərinə görə özünə normal iş tapa bilmir. İmkanı olduqca da aliment borcunu ödəmək niyyətindədir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu tam olaraq ödəməmişdir. Şəxs vaxt verilsə, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2 (046)-248/2022 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədindən görünür ki, Şəxs 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 24 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2 (046)-248/2022 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir İş materiallarında olan borclunun axtarılması barədə 10 mart 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində Şəki rayonu üzrə axtarış elan edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 3(075)-85/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, böyük icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədindən məlumatı olmuş, icra sənədi üzrə borcunu ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. İcra sənədinin vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, o, icra sənədi üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə qeyd edir ki, Şəxs əvvəllərdə eyni icra sənədi üzrə tələbi icra etməməyə görə məhkəmənin qərarına əsasən 10 gün müddətinə inzibati həbs olunmuşdur. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 oktyabr 2023cü il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 06 oktyabr 2023-cü il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 06 oktyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 oktyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar