Məhkəmə qərarları › İş №3(075)-961/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-961/2025

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-961/2025 06.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə iştirakları ilə, xx.xx.1987-ci ildə Qutqaşen, Həmzəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 20.11. 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əlavədə göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 49/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixindən borclu Şəxs 2454,05 manat əsas borc və 78,20 manat dövlət rüsumu alınaraq tələbkar ‘‘Azərbaycan Sənaye Korporasiyası” ASC-nin xeyrinə ödənilməli və 7%, 171,8 manat icra ödənişi borcludan tutulmalıdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-771/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü ildən borclu Şəxs 940,85 manat əsas borc və 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməli və 7%, 65,85 manat icra ödənişi borcludan tutulmalıdır.Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-614/2023-020 nömrəli , xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən borclu Şəxs 22852,7 manat əsas borc və 172,94 manat dövlət rüsumu tələbkar "BAKU SPİRİTİS” MMC-nin xeyrinə ödənilməli və 7%, 1599,68 manat icra ödənişi borcludan tutulmalıdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-2201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 17141 manat əsas borc tələbkar X1 xeyrinə ödənilməli və 7 %, 1199,87 manat icra ödənişi borcludan tutulmalıdır.Şəki Rayon Məhkəməsinin e-2(075)-2446/2017 nömrəli, xx.xx.2017-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3474.38 ABŞ dolları borc tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməli və 7 %, 414 manat icra ödənişi borcludan tutulmalıdır.icra sənədləri daxil olmuş, icraata başlanılmış, lakin icra sənədləri tam icra edilməmişdir.Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması baıədə bank və kredit təşkilatlarına, əmlakının olub- olmaması barədə isə “Elektron icra" sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Şöbədə olarkən borcludan icra sənədləri üzrə tələblərin yerinə yetirilməsi tələb edildi, borclu tələbləri yerinə yetirmədi.Eyni zamanda borclu çağırışlara gəlməmiş, icra sənədlərinin icrasından yayınmış, olduğu yeri barədə məlumat verməmiş, yeri məlum olmadığından axtarışa verilmişdir.Borclu Şəxs icra sənəfdlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədi. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə olan borclar ödənilmişdir. Fiziki şəxsə olan borcun ödənildiyi şifahi qaydada bildirilmiş, lakin tələbkar yazılı qaydada ona məlumat verməmişdir. Hüquqi şəxsə olan borc isə qalmaqda davam edir. Əvvəli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, borcunun bir hissəsini ödəmişdir. Geri qalan hissəsini də ödəmək istəyir. Borcunun hamısını ödəmək istəyirdi lakin pulu protokol tərtib edildikdən sonra tapdığı üçün gec olmuşdur. Növbəti məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakını xəstəliyi səbəbindən təmin etmək mümkün olmadığından vieo konfrans vasitəsilə xəstəxanadan onunla əlaqə saxlanılmışdır. İzahatında protokolun tərtib edilməsinə səbəb olan icra sənədlərindən yalnız "xxxx" MMC-yə borcunun qaldığını, digər borclarını isə ödədiyini bildirmişdir. X4 Vəkil Bürosunun vəkili Nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda səhhəti ilə bağlı olaraq iştirak edə bilmədiyini və artıq şəxsin borcun çoc hissəsini ödədiyini bildirdi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İcra haqqında Azərbaycan respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, borclu borcundan bir qismini ödəmişdir. Eyni zamanda borclu geri qalan borcları da ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar