Məhkəmə qərarları › İş №3(075)-978/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-978/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-978/2023 20.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs barəsində 19 oktyabr 2023-cü il tarixdə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Şəki rayonu YNH inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin izahatı göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş materiallarına nəzər saldıqda aydın olur ki, Şəki ŞRPŞ tərəfindən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş materiallarına əlavə edilməmişdir. Bundan başqa zərərçəkmiş şəxslər X1 və X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri səbəbli sağlamlıqlarına xəsarət dəyməsi ilə bağlı hər hansı sübut, ekspertiza rəyi iş məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, Şəki ŞRPŞ-dən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki ŞRPŞ-nə geri qaytarılsın. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar