Məhkəmə qərarları › İş №3(075)-98/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-98/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-98/2025 14.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx xxx 1999-cü il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyat olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə X5 idarə etdiyi “VAZ 2107” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərindən Yevlax rayon istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn sürücü Şəxs idarə etdiyi “VAZ-21099” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ 2107” minik markalı avtomobildə olan sərnişin X3 yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Vüqar Emçiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs və X1 əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onların barəsində cinayət işinin başlanılması rədd edilmiş və HK-1/1217 nömrəli material üzrə Şəxs və X1 barəsində Azərbaycan Respublikası 327.8-ci maddəsi ilə inizbati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə BDYPİ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 19 dekabr 2024-cü il tarixli, 8/3224 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21099 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli, 480 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər:- sol diz nahiyyəsinin sıyrığı və sol mil bilək nahiyyəsinin qançırı müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli, 482 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər:- alın nahiyyəsinin yarası, sol baldırın və sol budun qançları müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya aiddir. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli, 416 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs 25 oktyabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuş və alkoqol qəbul etməmişdir. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli, 417 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, X5 25 oktyabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuş və alkoqol qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar