Məhkəmə qərarları › İş №3(075)-983/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-983/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-983/2023 23.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki Rayon Prokurorluğunun nümayəndəsi X7 iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, əlilliyi olmayan, ali təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs vəkil status əldə etmədən gəlir əldə etməklə vəkil adından istifadə etmişdir. Məhkəmə iclasında Şəki Rayon Prokurorluğunun nümayəndəsi X9 izahat verərək bildirdi ki, X4 şikayət ərizəsi ilə Şəki Rayon Prokurorluğuna müraciət edərək Şəxs vəkil adından istifadə edərək qızı X6 əri X5 ayrılması ilə bağlı nikahın pozulması üçün məhkəməy müraciət edəcəyi, nəvələrinə görə məhkəmə qərarı ilə aliment təyin edəcəyi, nikah dövründə əldə olunmuş əmlakı qaytaracağına, Nüşabə Mahmudovanın işsizliyə görə sosial müavinat aldıracağına köməklik göstərəcəyi vədi ilə 500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Bundan başqa X1 Müşfiq Məmməd oğlunun ondan 1200 manat məbləğində borca pul aldığını bildirmişdir. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma nəticəsində aydın olmuşdur ki, Şəxs vəkil status əldə etmədən gəlir əldə etməklə vəkil adından istifadə etmişdir. Buna görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 20 oktyabr 2023-cü il tarixli qərar qəbul edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-nin 399-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 399-cu maddəsinə əsasən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs tərəfindən vəkil status əldə etmədən gəlir əldə etməklə vəkil adından istifadə edilərək X2 500 manat məbləğdə pulu mənimsənilmişdir. Bundan başqa məhkəmə diqqətə çatdırır ki, hazırki Şəki Rayon Prokurorluğunda araşdırılan zaman X2 Şəxs vermiş olduğu 1200 manat məbləğdə pul vəsaitinə qiymət verilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində cinayət tərkibi vardır. Belə ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayət əməlinin tərkib əlamətlərini yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə cinayət tərkib əlamətlərinin olub-olmaması araşdırılmadan, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmədən hazırki iş baxılması üçün məhkəməyə göndərilmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq materiallar baxılması üçün Şəki rayon prokuroruna göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 85, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə Şəki rayon prokuroru, baş ədliyyə müşaviri Mehman Xankişiyev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 20 oktyabr 2023-cü il tarixli qərarla başlanılmış inzibati icraata xitam verilsin və yenidən araşdırılması üçün Şəki Rayon Prokurorluğuna göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar