Məhkəmə qərarları › İş №3(075)-989/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-989/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-989/2023 06.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X2 barəsində qəbul edilmiş 12 oktyabr 2023-cü il tarixli, EQ seriyalı, 17431402 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon YPX tərəfindən onun barəsində qəbul edilmiş, EQ 17431402 saylı, 12 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayon Yol Patrul Xidməti tərəfindən onun haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi ilə EQ17431402 saylı, xx.xx.2023-cü tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hesab edir ki, protokol qanunsuz və ədalətsizdi. Hadisə xx.xx.2023-cü il tarixdə, saat 16:56-da baş vermişdir. İdarə etdiyi “Daimler BENZ-220 MİNİK” markalı 55BZ433 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qeyd olunan ərazidə sürət aşmaqla keçdiyi üçün cərimə edilmişdir. O, Rusiya Federasiya vətəndaşıdır. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ******* saylı icazəsi var. Onun Rusiya Federasiyası sürücülük vəsiqəsi var. Azərbaycan Respublikasında avtomobil idarə etmək üçün sürücülük vəsiqəsini 14 iyul 2023-cü il tarixdə əldə etmişdir. Lakin buna baxmayaraq qanunla müəyyən edilmiş qaydada 10 manat məbləğində cəriməni ödəmək istədikdə müəyyən etmişdir ki, cəriməni ödəyə bilmir. Azərbaycan Respublikasında aldığı sürücülük vərəqəsi elektron sistemə daxil edilməyib və bu səbəbdən onun cəriməsi 100 manat təşkil edir. O, onlayn vasitəsilə protokolun ləğv edilməsi ilə bağlı Baş Dövlət Yol Polis idarəsinə müraciət etmişdir. Şəki rayon YPX tərəfindən onun barəsində qəbul edilmiş, EQ 17431402 saylı, 12 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X3 və Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin X3 məhkəmə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması, ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli, EQ 17431402 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsinin tələblərini pozduğu üçün, 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan 14 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasına mənsub olan, B, B1, C, C1 kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, X4 14 iyul 2023-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək nəqliyyat vasitəsi idarə etmək hüququ vardır. İşdə olan 22 mart 2018-ci il tarixli Rusiya Federasiyasına mənsub olan, B, B1, M kateqoriyalı, sürücülük vəsiqəsindən görünür ki, X4 22 mart 2018-ci il tarixdən 22 mart 2028-ci il tarixədək nəqliyyat vasitəsi idarə etmək hüququ vardır. İşdə olan 13 iyul 2023-cü il tarixli, ƏN-Vİİİ 933153 seriya nömrəli nəqliyyat vasitəsinin sərəncama verilməsi haqqında etibarnamədən görünür ki, X6 mülkiyyətində olan “Daimler Benz E220” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün X1 vermişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X2 şikayət ərizəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu və qərarı tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Beləliklə, hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Göründüyü kimi X7 12 oktyabr 2023-cü il tarixdə, saat 16:56 radələrində etibarnamə ilə idarə etdiyi “Daimler Benz E220” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, S.Mümtaz küçəsi ərazisində İXM-nin 328.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində qəbul edilmiş 12 oktyabr 2023-cü il tarixli, EQ 17431402 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 100 manat məbləğdə inzibati cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, 12 oktyabr 2023-cü il tarixli, EQ 17431402 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilən zaman qanunvericliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulsa da, X3na 100 manat məbləğdə inzibati cərimə hesablanmışdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki ərizəçinin nəqliyyat vasitəsi idarə etməyə səlahiyyət verən Azərbaycan Respublikasına mənsub olan sürücülük vəsiqəsi mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə qəbul edilmiş 12 oktyabr 2023-cü il tarixli, EQ seriyalı, 17431402 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsində yenidən baxılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar