Məhkəmə qərarları › İş №3(075)-993/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-993/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-993/2025 16.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X7 qızının katibliyi, Şəki Rayon Prokurorluğunun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, “ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X1 Azərbaycan Respublikası İXM-in 221.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Rayon Prokurorluğunda tərtib olunmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Prokurorluğu tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, vəzifəli şəxs Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində bazar ətrafı deyilən ərazidə yerləşən “Şəki 7 Zeytun” aptekin müdiri vəzifəsində işləyən Şəxs 2025-ci il iyul ayının sonlarında əvvəllər tanımadığı 1 (bir) nəfər şəxsdən “Etanbutol”, “Pyrzinamide” və “Rifampisin” adlı dərmanları 40 manat qarşılığında almış, bundan sonra xx.xx.2025-ci il tarixdə “Etanbutol” və “Pyrzinamide” adlı dərmanları hərəsində 10 ədəd olmaqla 2 blisteri 1 (bir) nəfər əvvəllər tanımadığı şəxsə 22 manat qarşılığında satmaqla mənşəyi məlum olmayan dərman preparatlarınıəldə edərək satışını həyata keçirmişdir. Ona görə X4 Azərbaycan Respublikası İXM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş (Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki Prokurorluğunun nümayəndəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara uyğun izahat verərək, “Şəki 7 Zeytun” aptekin müdiri vəzifəsində işləyən Şəxs qanunvericiliyə uyğun qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində bazar ətrafı deyilən ərazidə yerləşən “Şəki 7 Zeytun” adlı apteki işlədirmiş. 2025-ci ilin iyul ayının sonlarında əvvəllər tanımadığı 1 nəfər şəxs aptekə daxil olaraq öz müalicəsi üçün bir neçə dərman aldığını, müalicə başa çatdıqdan sonra həmin dərmanların bir hissəsinin özündə artıq qaldığını və maddi vəziyyətinin aşağı olması ilə əlaqədar satmaq istədiyini bildirmişdir. Həmin şəxs dərmanları göstərdikdə o, həmin dərmanların “Etanbutol”, “Pyrzinamide” və “Rifampisin” adlı dərmanlar olduğunu görmüş, həmin dövrdə də həmin dərmanlara tələbat olduğundan 40 manat qarşılığında dərmanları almışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə 1 nəfər əvvəllər tanımadığı şəxs aptekə daxil olaraq ona “Etanbutol” və “Pyrzinamide” adlı dərmanların lazım olduğunu söyləmişdir. O, həmin şəxsə hərəsində 10 ədəd olmaqla 2 blister təqdim etmiş. Ödəniş olaraq isə həmin dərmanların qarşılığında 22 manat pul almışdır. İş materiallarında olan: - Diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Video 2025-08-14” adlı videogörüntü 03 dəqiqə 46 saniyə davam edir. Həmin videogörüntü mobil telefon vasitəsilə çəkilmişdir. Video görüntüyə baxış zamanı “Şəki 7 Zeytun” aptekin müdiri vəzifəsində işləyən Şəxs 10 ədəd olmaqla 1 blister “015” deyə söylədiyi dərman preparatını və 1 blister “Pyrzinamide” adlı dərman preparatını 22 manat ödəniş qarşılığında satdığı müəyyən olunmuşdur. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında təqdim edilmiş video görüntüyə baxış keçirilmiş və protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən X1 şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar