Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-997/2024 18.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Hacı-X1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, əlilliyi olmayan, Şəki rayonu, Baş Küngüt kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 17 sentyabr 2024-cü il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 sentyabr 2024-cü tarixdə Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Şəki ŞRPŞ-də xidmətdə olduğu müddətdə X4 polis şöbəsinə daxil olmuş, keçmiş həyat yoldaşı tərəfindən narahat edilməsinə dair ərizəsi üzrə işə dair icraat aparan zaman onun keçmiş həyat yoldaşı Şəxs polis şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Şəxs polis şöbəsində izahatı alınan zaman Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səsküy salmış, nalayiq ifadələr işlədərək polis əməkdaşlarının iş rejimini pozmuşdur. Bu zaman polis əməkdaşları polis baş serjantı Elnur Mahmudov və polis baş serjantı Asif Talehli həmin şəxsi nizam-iltizama dəvət etmiş, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqresiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, Şəxs keçmiş həyat yoldaşı onun hərəkətlərindən şikayət etmiş, tez-tez ona qarşı söyüş söydüyünü bildirmişdir. Buna görə də, Şəxs polis şöbəsinə dəvət edilmişdir. Şəki ŞRPŞ-də işlə bağlı araşdırma aparılan zaman da, o, nalayiq söyüşlər söymüşdür. Bununla bağlı o, özü raport tərtib edləmişdir. Həmin gün polis şöbəsində o, özü növbətçi olmuşdur. Şəxs Polis şöbəsində tabesizlik göstərmiş, kobud, qeyri-səmimi rəftar etmişdir. Həmin şəxs əvvəllər eyni əməl törətdiyinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, 2018-ci il tarixdə X8 ilə ailə həyatı qurmuş, 2020-ci ildə aralarında bağlanmış nikah məhkəmə qərarına əsasən pozulmuşdur. Onların birgə nikahdan 5 yaşlı övladları da vardır. Onunla keçmiş həyat yoldaşı arasında birgə nikahdan olan uşağı ilə görüşmələrinə görə mübahisələr olmuşdur. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə birgə nikahlarından olan uşağı ilə görüşmək istəmişdir. Keçmiş həyat yoldaşı və anası onunla mübahisə etmiş, daha sonra DİN 102 xidmətinə müraciət etmişlər. Bununla bağlı o, polis şöbəsinə dəvət olunmuşdur. Şəki ŞRPŞ-nin inzibati binasında onun keçmiş həyat yoldaşı Gülruh arasında mübahisə başlamışdır. Polis əməkdaşı ona sakit olmasını bildirmiş, bundan sonra o, hər hansı səs-küy salmamışdır. Polis əməkdaşları mübahisə yarandığını görüb, onu kənara aparmışlar. Ancaq onunla Gülruh arasında mübahisə olan zaman bərkdən danışmışdır. O, polis əməkdaşına qarşı tabesizlik göstərməmişdir. Polis əməkdaşlarına qarşı ümumiyyətlə nalayiq ifadə işlətməmişdir. Bildirmişdir ki, əvvəllər avtoxuliqanlıqla, xırda xuliqanlıq və tabesizlik göstərməsinə görə inzibati məsuliyyətə cəlb edilsə də, ailə qurduqdan sonra bütün əməllərinə son qoymuşdur. Həmin gün polis şöbəsində araşdırma aparılan zaman da polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, hər hansı nalayiq ifadə işlətməmişdir. Lakin polis əməkdaşları onun tabesizlik göstərməsini irad bildirərək tutmuşlar. Polis şöbəsində olduğu müddətdə ucadan danışmamış, səs-küy salmamışdır. Onun mübahisəsi ancaq keçmiş həyat yoldaşı ilə olmuşdur. Əməlindən peşmandır. Himayəsində xəstə, yaşlı anası vardır. Ona yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 oğlu məhkəmə iclasında şəxsin əməlindən peşmançılıq hissi çəkməsini nəzərə alaraq, iş üzrə yüngül inzibatii tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X7 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-in inzibati binasında PPXB-nin polis nəfəri Asif Salehli ilə birlikdə xidmətdə olduqları zaman təxminən saat 13:36 radələrində Şəki ŞRPŞ-nin inzibati binasının dəhlizində bir nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək “mən həyat yoldaşımdan ayrılsam da, aliment ödəyirəm istədiyim vaxt gedib övladımı görə bilərəm, götürüb kəndə apara bilərəm, mənə məhkəmə tərəfindən təyin olunmuş vaxtlar maraqlı deyil” deyərək səs-küy salmasını görmüşlər. X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Faiq Allahverdiyevlə birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və vətəndaşa sakit olmağı, ictimai qaydalara eləcə də daxili intizam qaydalarına əməl etməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, polis şöbəsində olan zaman Şəxs şəxsən onun ünvanına yox, amma ümumiyyətlə nalayiq söyüşlər söymüşdür. Onu sakitləşdirməyə çalışanda isə tabesizlik göstərmişdir. Şəxs törətdiyi inzibati xəta ilk deyil. Əvvəllərdə bu cür əməllərə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X12 digər şahid X7 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-in inzibati binasında PPXB-nin polis nəfəri, polis baş serjantı X7 ilə birlikdə xidmətdə olduqları zaman, təxminən saat 13:36 radələrində Şəki ŞRPŞ-nin inzibati binasının dəhlizində bir nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək səs-küy saldığını eşitmişlər. Onlar səs-küy eşidib birinci mərtəbədən ikinci mərtəbəyə qalxmışlar. Onlar həmin şəxsi nizam-iltizama dəvət etsələr də, o, daha da aqresiv şəkildə öz əməllərini davam etdirmişdir. Həmin şəxs səs-küy salaraq diqqəti özünə cəlb edirdi. Onlar dəfələrlə həmin şəxsə müraciət edib, ictimai qaydaları riayət etməsini bildirsələr də, o, onların qanuni tələbinə məhəl qoymamışdır. Həmin şəxs əsəbiləşib öz-özünə danışmış, nalayiq ifadələr işlətmişdir. Buna görə də, onlar raportla müraciət etmişdilər. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutulma haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 16:40-da tutulmuş, xx.xx.2024-cü il tarixdə 09:45-də azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 17 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində bir kutu “Bakı” markalı siqaret, “Çerepoves” markalı kibrit qutusu və “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüş, Şəxs inzibati qaydada tutulmadan azad edildiyi vaxt özünə qaytarılmışdır. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, eyni zamanda İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun 17 sentyabr 2024-cü il tarix, saat 16:40-dan xx.xx.2024-cü il tarix saat 09:45-dək inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 17 sentyabr 2024-cü il tarix, saat 16:40-dan xx.xx.2024-cü il tarix saat 09:45dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-997/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-997/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver