Məhkəmə qərarları › İş №3(075)-999/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-999/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-999/2024 03.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cərimə növünün inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cərimə növünün inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından Şəki rayonu İcra və Probasiya Şöbəsinin əməkdaşı tərəfindən telefonuna göndərilən sms-dən sora məlumatı olub. Telefonuna göndərilmiş sms-dən sonra Şəki şəhərində yaşayan qohumları ilə əlaqə saxlamışdır. O, uzun müddətdir ki, Şəki şəhərindəki qeydiyyat ünvanında yaşamır. Həmin ünvanda yaşayan qardaşı ilə münasibətləri soyuq olduğundan bir-biriləri ilə əlaqələri yoxdur. Göndərilmiş qərar və Şəki İcra və Probasiya şöbəsinin Qərarı həmin ünvana verilib. Ona rəsmi şəkildə qərar verilməyib. Telefonuna gələn sms-dən sora Şəkidə yaşayan qohumları vasitəsi ilə ona göndərilmiş məktubların şəkilləri çəkilib ona göndərilib və barəsində tərtib edilmiş qərar və cərimə ilə tanış olmuşdur. O, Bakı şəhərində Nərimanov metrosunun yaxınlığında yerləşən Kilinika ZED-də bir müddət masaj) işi ilə məşğul olmuşdur. Həmin klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib amma həmin yoxlama zamanı o, heç kimi görməmiş və onun iş fəaliyyəti ilə heç kim maraqlanmamışdır. Sonradan Respublika Baş Prokurorluğuna cağrılmış, orada gördüyü iş barədə izahat yazmış, öz izahatında göstərmişdir ki, o, həmin klinikada masaj işi və klinikanın həkimlərinin reklam işi ilə məşğul olmuşdur. Bir müddət keçəndən sonra heç nədən xəbəri olmadan barəsində akt tərtib edilib və qərar çıxarılıb. Bu qərar qanunsuz və əsassızdır. Onun həmin klinikada heç bir vəzifəsi və qanunsuz fəaliyyəti olmadığı halda 5000 (beş min) manat cərimə yazılmışdır. Hətda bu cərimə vəzifəli şəxslər ücün nəzərdə tutulmuş məbləğdə yazılıb. Buradan göründüyü kimi barəsində çıxarılmış qərar əsassızdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 210.1-ci maddəsi ilə 5000 manat məbləğdə inzibati cərimə olunmuşdur. - İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Vəzifəli şəxs X2 (FİN: 21C78TJ); (VÖEN-1********)2 - xx.xx.1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4aşayan barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. - Baxış keçirilməsi haqqında protokolda qeyd edilmişdir ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 19B ünvanında yerləşən qeyri-yaşayış sahəsində olması, obyektin giriş hissəsində üzərində “Zed Centre” sözləri yazılması, obyektə daxil olduqda girişdə “qəbul” hissəsi olması və orada bir nəfər şəxsin içəri daxil olan şəxsləri qəbul edib onları otaqlara yönləndirməsi, yəni adları soruşulan kosmetoloq və ya həkimlərin otaqlarını göstərməsi, qeydiyyatçı qismində işləyən şəxsin X4 olduğu dəqiqləşdirilməsi, həmçinin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X2 “Zed centre” adı ilə faktiki olaraq kosmetoloji klinika kimi tibbi xidmət göstərən obyektdə istifadəsinə verilmiş otaqda “özəl tibb fəaliyyəti” haqqında Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxs kimi tibbi xidmətlə məşğul olmaq hüququ olmadan, “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısına” əsasən tibbi xidmət hesab edilən “dermotologiya” tibbi xidmətinin “kosmetoloji” təsnifatı üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmadan və özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya əldə etmədən 2023-cü ilin aprel ayından xx.xx.2024-cü il tarixinədək tibbi xidmətlər göstərmiş, bununla da İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törəmişdir. İş materiallarından göründüyü kimi qeyd edilən öbyektə baxış keçirilən zaman şikayətçinin tibb fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmadan və özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya əldə etmədən 2023-cü ilin aprel ayından xx.xx.2024-cü il tarixinədək tibbi xidmətlər göstərməsi öz təsdiqini tapmışdır. Ərizəçi şikayət ərizəsinin əsaslığını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, X1 şikayətində qeyd olunan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar