Məhkəmə qərarları › İş №3(075)-999/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-999/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-999/2025 05.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04.12. 2025-ci il tarixdə saat 21:30 radələrində Şəki şəhəri M.Ş.Həmidov küçəsində DYPB-nin inspektorlarına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X13 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə şəhər ərazisində “Kia” markalı ** YP *** nömrəli xidməti avtomobillə xidmətdə olarkən təxminən saat 21:10 radələrində şəhərin M.Müşfiq küçəsində “BMW” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil uzaq vuran işıqdan istifadə etdiyi üçün saxla işarəsi verildi. Sürücü nəqliyyat vasitəsini saxlamış, onlar ona yaxınlaşan zaman o hərəkətini davam etdirmiş, onu müşayiət edərkən Şəki şəhəri, İstiqlaliyyət küçəsində işıqforun qadağan edici siqnalında dayanmayaraq hərəkətini davam etdirmişdir. Müşayiət zamanı qarşıdan digər hərəkət iştirakçılarına da manevr hərəkətləri edərək təhlükə yaradırdı. Bir neçə kilometr getdikdən sonra sürücü nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşərək qaçıb tanımadıqları evə girdi. Sonradan tanımadıqları bir başqa şəxs həmin evdən çıxaraq aqressiv şəkildə onlara yaxınlaşaraq «mənim oğlumdan nə istəyirsiz» deyərək ucadan səs-küy salaraq onlara qarşı etikadan kənar ifadələr işlədərək kobudluq etməyə başladı. Onlar onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirirərək onun yaxasında yerləşən sinə kamerasını eləcə də baş geyimlərini dartıb yerə atmışdır. Onun hərəkətlərinin qarşısını almaq məqsədi ilə onlar PPXB-nü köməyə çağırmışlar. PPXB-nün əməkdaşları gələnə kimi həmin şəxsin kimliyi tərəflərindən müəyyən olundu. Onun ünvan 2 ünvanında yaşayan xx.xx.1980-cı il təvəllüdlü Şəxs olması məlum olmuşdur. O, xidməti avtomobillə Şəki ŞRPŞ-nə gətirilmişdir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməsini və müvafiq cəza verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 04 dekabr 2025-ci il tarixdə oğlu Kamalla əlaqə saxladıqda polis əməkdaşlarının onu saxlamaq istədiyini, lakin qorxduğu üçün maşını saxlamadığını bildirdi. O, oğluna evə gəlməsini demiş, oğlu evə gəldikdə ona tez evə daxil olmasını demişdir. Polis əməkdaşları gəldikdə əsəbi olduğu üçün onlara tərəf gedərək oğlundan nə istədiklərini soruşmuş, lakin məsələni aydınlaşdıra bilmədiyi üçün onlarla mübahisə etmişdir. Oraya əlavə polis əməkdaşları da çağırılmış, daha sonra polis şöbəsinə dəvət edilmişdir.O, polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməmiş, onların tələblərinə tabesizlik göstərməmişdir. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Dövlət Yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X1 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs evdən çıxaraq aqressiv şəkildə onlara yaxınlaşaraq «mənim oğlumdan nə istəyirsiz» deyərək ucadan səs-küy salaraq onlara qarşı etikadan kənar ifadələr işlədərək kobudluq etməyə başladı. Onlar onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsək də, o qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirirərək onun yaxasında yerləşən sinə kamerasını eləcə də baş geyimlərini dartıb yerə atmışdır. Onun hərəkətlərinin qarşısını almaq məqsədi ilə onlar PPXB-nü köməyə çağırmışlar. O, xidməti avtomobillə Şəki ŞRPŞ-nə gətirilmişdir. Xidməti vəzifələrini icra etmələrinə mane olmamasını dəfələrlə bildirsələr də, o, yenidən onların xidməti fəaliyyətlərinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Dövlət Yol polisi bölməsi baş inspektoru, polis baş serjantı X8 digər şahid X1 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ NH-nin məsul növbətçisi, polis kapitanı X11 ifadə verərək bildirdi ki, Şəki ŞRPŞ-nin Növbətçi hissəsində, növbətçi köməkçisi, polis baş serjantı Sənan Abbasovla birlikdə xidmətdə olarkən, YPX-nin əməkdaşları iki nəfər şəxsi Şəki ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Həmin şəxslər Şəki ŞRPŞ-nin dəhlizində əsəbi halda ucadan etikadan kənar ifadələr işlədərk səs-küy salmağa başladılar. Onlara yaxınlaşaraq ucadan səs-küy salaraq qeyri-etik ifadələr işlətməklə, polis şöbəsinə gələn vətəndaşların narahatçılığına səbəb olmasını izah edərək, onları nizamintizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, onlar, daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək onlara qarşı kobudluq etməyə başladılar, onları sakitləşdirərək xidməti iş otağına dəvət etmiş, lakin onlar yenidən səs-küy salmaqla polisin iş fəaliyyətini pozmuşlar.Sonradan onların ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Şəxs və ünvan 4 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü X16 oğlu olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ PPXB-nin əməkdaşı X3 radələrində ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində “Chevrolet Niva” markalı avtopatrul maşını ilə xidmətdə olarkən Növbətçi hissənin efir vasitəsilə çağırışına əsasən Şəki şəhəri, M.Ş.Həmidov küçəsinə yaxınlaşmışlar. Həmin yerə çatdıqda YPX- əməkdaşları ilə iki nəfər şəxsin mübahisə etdiklərini, səs-küy saldıqlarını, tabesizlik YPX avtomobilinə minmələrini tələb etdiklərini, lakin adları ona sonradan məlum olan X6 YPX əməkdaşları ilə kobud rəftar etdiyini, ucadan danışdığını, qışqıraraq polis əməkdaşlarının işinə müdaxilə etdiyini, Famili polis Şöbəsinə aparmaq istəyərkən mane olduğunu, onun qaçırtmağa çalışdığını və “Famil bizim maşınla gedəcək deyib” səs-küy salmağa çalışmışdır.Onları nizam-intizama dəvət etsələr də, onlar qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ PPXB-nin əməkdaşı X5 digər şahid X3 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişlər. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə 22:40-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində 151 manat pul vəsaiti aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Şəxsin əməlində xırda xuliqanlıq deyil, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağın təzahürləri vardır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları ilə təsdiq edildi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməli, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 150 (yüz əlli ) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar