Məhkəmə qərarları › İş №3(076)-1013/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1013/2023

08.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1013/2023 08.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir RPŞ-nin Kür PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi Emin Quliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəmkir RPŞ-nin Kür PB-nin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəmkir rayonu, Kür qəsəbə sakini Şəxs xx.xx.2023-cü il tarixdə AR DİN-nin 102 xidmətinə zəng etmiş, onun müraciəti əsasında sonuncu ilə telefon əlaqəsi saxlanılmışdır. Telefon əlaqəsi zamanı Şəxs nalayiq ifadələr işlətmiş, nəticədə sonuncunu bölməyə gətirmişlər. Şəxs gecə saat 23 radələrində Kür PB-nin inzibati binasında sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək, izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə tanışları ilə birlikdə spirtli içki qəbul etmiş, bundan sonra sərxoş vəziyyətdə AR DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra Kür PB-nin yaxınlığına getmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Ona görə də polis əməkdaşları onu Kür PBnin növbətçi hissəsinə aparmışlar. Sərxoş olduğu üçün etdiklərinin fərqində olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə geçən gecə Şəmkir RPŞ-nin Kür PB-də əməliyyat qrupunun üzvü olmuşdur. xx.xx.2023-cü il tarixdə Kür PB-nin inzibati binasının qarşısında olan zaman Şəmkir rayonu, Kür qəsəbə sakini Şəxs sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyini, daha sonra sərxoş vəziyyətdə Kür PB-nin inzibati binasına daxil olduğunu və orada nalayiq ifadələrini davam etdirdiyini görmüşdür. Sonuncu sakitləşməmiş və nəticədə növbətçi hissəyə təhvil verilmişdir. İş materialına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 iyul 2023-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 190 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0,5 pr. alkoqol sərxoşluğu aşkar olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi proses iştirakçılarının izahatı və şahid ifadəsi ilə tamamilə sübut olunur və o, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, hadisəni sərxoş vəziyyətdə törəsməsi isə onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar