Məhkəmə qərarları › İş №3(076)-1018/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1018/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1018/2023 24.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : "xxxx" MMC 15.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021–ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu hərəkətləri ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 430.4–cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları "xxxx" MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC malların idxal edilməsi, xidmətlərin göstərilməsi və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədləri 2 il ərzində banka təqdim etməmişdir. "xxxx" MMC-nin bəyan olunmayan məbləği 15.000 ABŞ dolları təşkil etmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasından kənarda bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.1 Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: 4.3.1.1 ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X1 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir); 4.3.1.3 qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi "xxxx" MMC 15.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021–ci il tarixdə xaricə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 15.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə–vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 430.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 15.000 (on beş min) ABŞ dollarının 20 % miqdarında, yəni 3.000 (üç min) ABŞ dolları miqdarında (ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə) inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar