Məhkəmə qərarları › İş №3(076)-1020/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1020/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1020/2024 05.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Şəmkir rayonu, Abbaslı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-464/2024 saylı icra sənədi üzrə yaranmış cəmi 1200 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-464/2024 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borcunu ödəyə bilməmişdir. Hazırda Şəxs cəmi 1200 manat aliment borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-464/2024 saylı icra sənədinə əsasən, ondan xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin, uzun müddətdir ki, ölkə xaricində yaşayıb, icra sənədi haqqında məlumatı olmamışdır, hazırda maddi imkanı olmadığından borcunu birdəfəlik ödəyə bilmir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-464/2024 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-464/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti olsa da, onun göndərilmə reyestri aşkar edilməmiş, həmin bildirişin borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Əksinə icra məmuru məhkəmə iclası zamanı borcluya tələbin könüllü icrası barədə bildiriş, habelə xəbərdarlıq məktubu göndərmədiyini qeyd etmişdir. Bundan başqa icra məmuru borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olub-olmaması və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi istiqamətində hər hansı hərəkətlər etməmiş, yəni icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmiş və birbaşa borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan borclu Şəxs barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı isə müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu gəlmədiyini və ölkə xaricində olduğu üçün icra sənədi barədə məlumatı olmadığını bildirmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar