Məhkəmə qərarları › İş №3(076)-1035/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1035/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1035/2023 18.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş protokolu məhkəmənin inzibati binasında baxılmağa hazırlanması zamanı araşdırıb, m ü ə y y ə n e t d i m: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Belə ki, inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə məlumatlar qeyd edilməmiş, yəni onun şəxsiyyətini təsdiq edən məlumatlar, fərdi identifikasiya nömrəsi, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanı, həmçinin inzibati xətanın törədilmə vaxtı inzibati protokolda göstərilməmiş və bu halları müəyyən edən heç bir sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və məhkəmə iclasında aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ım: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol X3 Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar