Məhkəmə qərarları › İş №3(076)-1049/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1049/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1049/2024 13.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X4 Zərər çəkmiş şəxs: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 12 avqust 2024-cü il tarixdə Şəmkir şəhəri, S.Ələsgərova küç., ev 26 ünvanında fərdi yaşayış evində, X2 vuraraq ona dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin, şahidin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X7 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Posanlı massivində yaşayan X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə, daha sonra Şəmkir RPŞ-yə müraciət edərək gəlini Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Makura onun qaynanasıdır və onlar birlikdə ünvan 2 ünvanında yaşayırlar. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Onların arasında olan dava-dalaşa səbəb qaynanası Makuranın həyətdə olan üzüm yarpağını Xəyalənin yığmasına görə mübahisə yaratması olmuşdur. Baş vermiş mübahisə zamanı qaynanası Makura ona nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində o, işdən yaşadığı evə gəlmişdir. Evdə olarkən qaynanası Makura ilə aralarında olan mübahisə zamanı qaynanası Makura onun saçından tutub dartarkən onun da gücü çatmadığı üçün, Makuranın saçından tutub sol qolundan dişləmişdir. Bundan əlavə o, qaynanası Makuranın sifətinə vurmamış və onun sifətinə xəsarət yetirməmişdir. Mübahisə zamanı yalnız o, qaynanası Makuranın saçından tutaraq dartmış və qolundan dişləmişdir. Daha sonra qaynanası sakitləşərək digər oğlu Arzunun yaşadıgı evə çıxıb getmişdir. Qaynanası onu yıxıb sürümüşdür və ona görə də onun qolundan dişləmiş və vurmuşdur. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X3, məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şəxs onun gəlinidir və onlar birlikdə bir evdə yaşayırlar. Aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. münasbətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Onlar arasında olan dava-dalaş gəlini Xəyalənin onu evdən çıxarmağıdır. Gəlini istəyir ki, o, evdən çıxsın gəlini isə tək yaşasın. Buna görə də, aralarında mübahisə yaranmış və gəlini nalayiq söyüşlər söymüşdür. xx.xx.2024-cü il tarixdə o, işdən evə gələn zaman yenə ona söhbət zamanı gəlini evdən çıxmasını demişdir. Bu zaman mübahisə yaranmış və gəlini ona qarşı nalayiq ifadələr işlədərək döyməyə başlamışdır. Bundan əlavə gəlini Xəyalə onun sol qolunu və barmağını dişləmiş, qulağından sırğanı dartıb çıxartmışdır. Daha sonra onun sifətinin sağ nahiyəsinə xəsarət yetirmişdir. Əri rəhmətə gedəndən sonra gəlini ondan pul tələb edir, onu döyür, Xəyalə onun oğlunun 2-ci arvadıdır, əgər Xəyalə onun yaşadığı evdən çıxsa onu bağışlayar. Hazırda ondan şikayətçidir barəsində intizam tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X5 ifadəsində göstərdi ki, 28 yanvar 1992-ci il tarixdə anadan olmuşdur, Şəmkir rayonu, Posanlı massivində yaşayır, mübahisə etmiş şəxslərlə qohumluq münasibətindədir. Makura və Xəyalə arasında baş vermiş hadisənin şahidi olmuşdur. Onlar həyətdə əyləşib gavalı cəyirdəyi təmizləyərkən Makura İsmayılova içəri daxil olub Xəyaləni nalayiq formada təhqir etməyə başlamış, Makura sonuncunun saçından tutub dartmış və onu yıxıb sürümüşdür. Həmin vaxt Xəyalənin Makuraya gücü çatmadığı üçün, Makuranın saçından tutub sol qolundan dişləmişdir. O, həmin vaxt Xəyalənin Makuranın sifətinə vurmasını və onun sifətinə xəsarət yetirməsini görməmişdir. Mübahisə zamanı yalnız o, qaynanası Makuranın saçından tutaraq dartmış və qolundan dişləmişdir. Daha sonra qaynanası sakitləşərək çıxıb getmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, , Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmişi döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 13 avqust 2024-cü il tarixli, 761 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ yanağın sıyrıqları, sol qulaq seyvanın sırğalıq nahiyəsində, sol əlin 1-ci barmağının, sağ əlin 2-ci barmağının dırnaq falanqasının əzilmiş səthi yaraları və sol saidin orta üçdə birinin qançırı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 12 avqust 2024-cü il tarixə uyğun glir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Şəxs qohumluq əlaqələrinə dair məlumatı əks etdirən sənəddən görünür ki, onun himayəsində on dörd yaşına çatmamış üç azyaşlı uşaqları vardır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin, şahidin izahatını, 13 avqust 2024-cü il tarixli, 761 saylı rəyi tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını, həmçinin, himayəsində on dörd yaşına çatmamış azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar