Məhkəmə qərarları › İş №3(076)-106/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-106/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-106/2025 10.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şəmkir şəhəri, H.Şəhərcik, DOS 3, ev 38 ünvanında Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və özünün izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, Hərbi Şəhərcik, DOS 3, mənzil 38-də yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək, əri Şəxs birgə yaşadıqları evdə onu döyməsini bildirmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-nin, TB-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatnda göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir fərdi əməklə məşğul olur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir qız övladları vardır. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövrdə bir neçə dəfə ailə daxili mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində yenə Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuşdur. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs ondan icasəsiz evdən getməsi olmuşdur. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs əsəbləşib birgə yaşadıqları evin qonaq otağında sonuncunun üz nahiyəsinə şillə zərbələri vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır. Zərər çəkmiş şəxslə barışığa cəhd etsədə, onunla barışmaq istəməmişdir. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir fərdi əməklə məşğul olur. Barəsində şikayət etdiyi Şəxs onun əridir. Şəxs ilə 2018-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından bir qız övladları vardır. Şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində əri Şəxs ilə birgə yaşadıqları evdə ailə daxili mübahisələri olmuşdur. Mübahisəyə səbəb guya onun Şəxs xəbərsiz evdən getməsi olmuşdur. Şəxs bunu bəhanə edərək, birgə yaşadıqları evin qonaq otağında yumruq zərbələri ilə üz nahiyəsinə zərbələr vurmuşdur. Daha sonra o, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir, məhkəmədən barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 28 dekabr 2024-cü il tarixli 1283 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alt dodağın sol yarsının selikli qişasına qansızma və boyunun yuxarı üçdə birinin sağ yan səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 27 dekabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2025-ci il tarixdə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və Zərərçəkmiş şəxs döyərək inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 28 dekabr 2024-cü il tarixli 1283 saylı ekspert rəyini, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar