Məhkəmə qərarları › İş №3(076)-1065/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1065/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1065/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Şəmkir RPŞnin İTB-nin sahə rəisi X6, Şəmkir DYP xidməti inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Şişitəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2, 511.1.3-cü maddələri ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X6, Şəmkir DYP xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2, 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə MN 1792534, ******* və İXP ******* saylı protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində nəlayiq sözlər işlədərək içtimai qaydanı pozmuş və bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:52 radələrində CHEVROLET CRUZE Minik markalı 77PC871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1.3-cü maddələrindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X10 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində küçədə sərxoş halda nəlayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu nizam intizama dəvət etməsinə baxmayaraq o öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Bundan sonra məcburu qaydada polis şöbəsinə gətirilmişdir. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Şəmkir rayonu YPX-nin inspektoru, polis baş serjantı X7 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:52 radələrində CHEVROLET CRUZE Minik markalı 77PC871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda Şəmkir rayonu ərazisində idarə edərkən təhlükəli manevrlər və əl tormozundan istifadə etməklə yerində avtomobilin istiqamətini dəyişməklə avtoxuliqanlıq hərkətləri etmişdir. Tərəflərində Şəxs avtomobili saxlaması barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin sürücü avtomobili dayandırmamış, onlar sürücüyə yaxınlaşan zaman sürücü uca səslə söyünc söyərək yoluna davam etmişdir. Sürücü bu hərkətləri dəfələrlə təkrarlamışdır. Onlar onu təqib edərək saxlatmaq istəsələr də dayanmamışdır. Onlar məcbur olub əlavə qüvvə çağırmışlar və sürücü Şəxs 2-3 saat təqib etmişlər, sonra avtomobildə nasazlıq yarandığından avtomobil hərəkət edəbilməmiş, dayanmışdır. Bu zaman PPX-nin əməkdaşları tərəfindən sürücü avtomobilindən məcburi qaydada çıxarılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Barəsində həbs seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 535.1, 333.2, 511.1.3-cü maddələri ilə tam, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 04:52 radələrində etibarnamə əsasında istifadəsində olan CHEVROLET CRUZE Minik markalı 77PC871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş, rayon ərazisində ani tormozlama, manevr və avtomobili yerində fırlatmaqla avtoxuliqanlıq hərəkətləri etmişdir. Onu Şəmkir rayonu YPX-nin əməkdaşları təqib etmiş, lakin o avtomobili saxlamamışdır, bundan sonra idarə etdiyi avtomobilin sürətlər qutusunda nasazlıq yaranmış və hərəkət edəbilməmiş, polis əməkdaşları onu saxlamışdır. Lakin o nalayiq söyüncləri avtomobildə olarkən işlətmiş, avtomobildən düşmək istəməmişdir. O, Şəmkir rayon PPX-i əməkdaşları tərəfindən məcburu qaydada avtomobildən çıxarılaraq Rayon Poli Şöbəsinə gətirilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 rayonu YPX-nin inspektoru, polis baş serjantı X7 izahatında göstərilənləri bir daha təsdiq edərək, oxşar ifadə vermişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəzyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs alkoqol qəbul etdiyi aşkar edilmişdir. İşdə olan CD diskdə olan görüntülərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında CHEVROLET CRUZE Minik markalı 77PC871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda Şəmkir rayonu ərazisində idarə edərkən təhlükəli manevrlər, ani tormozlama və avtomobilin istiqamətini dəyişməklə avtoxuliqanlıq hərkətləri edir, polis əməkdaşları Şəxs avtomobili saxlaması barədə dəfələrlə xəbərdarlıq edir, lakin sürücü avtomobili dayandırmayaraq polis əməkdaşlarından uzaqlaşır və yenidən polis əməkdaşlarına yaxınlaşır və oxşar hərəkətləri davam etdirir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-744/2023 saylı qəradan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2, 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs təkrar sərxoş halda avtomobili idarə etmiş, rayon ərazisində ani tormozlama, manevr və avtomobili yerində fırlatmaqla avtoxuliqanlıq hərəkətləri etmiş, öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan küçədə işlədərək ictimai qaydanı pozmuş, bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 510, 535.1, 333.2, 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510, 535.1, 333.2, 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510, 535.1, 333.2, 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halı müəyyən etməmişdir. Eyni inzibari xətanın bir il ərazində təkrar törədilməsini onun məsuliyyətini ağırlaşdıran hall kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətaların xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tаrixdən, saat 04:00-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon X8 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar