Məhkəmə qərarları › İş №3(076)-1075/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1075/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1075/2024 18.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Yeni-Göyçə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 09 avqust 2024-cü il tarixdə Şəmkir rayonu Günəşli kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq onların sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Günəşli kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə Şəmkir RPŞ-yə müraciət edərək həmin tarixdə Şəxs onları döyməsini bildirmişlər. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Çaykənd kəndində oğlu Hüseyn heyvanları otaran zaman Elnur onu söyüb təhqir etmişdir, daha sonra Elnur ilə telefonda mübahisə etmişdir. Sonra isə onun yaşadığı ünvana gedib Elnur ilə danışmaq istədikdə yenə onu təhqir etmiş və Elnur ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birilərini vurmuşlar, bundan başqa Zərərçəkmiş şəxs2ı da tanıyır, xx.xx.2024-cü il tarixdə onunla, oğlu X1 vumasına görə mübahisə etmişlər və Zərərçəkmiş şəxs2 onu söyüb təhqir etmiş və onlar bir-birilərni vurmuşlar. Hazırda əməlindən peşmandır, əsəbi olmuşdur, bundan başqa zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs tanıyır, aralarında normal münasibətlər olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Yeni Göyçə kəndində Zülfiqara məxsus heyvanlar onun bacısının əkin sahəsinə keçmişdir. Buna görə atası Murad onlara irad bildirən zaman Zülfiqar nalayiq sözlərlə cavab qaytarmışdır. Bundan sonra onunla Zülfiqar arasında mobil telefonda mübahisə olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Çaykənd kəndində Zülfiqarın oğlu Hüseyn heyvanları onun nəzarət etdiyi əkin sahəsinə salmışdır. Bu zaman o Hüseynə heyvanları həmin torpaq sahəsindən çıxarmasını bildirərkən sonuncu nalayiq söyüşlərlə ona cavab vermişdir. O da, əkin yerinin sahibinə bu barədə məlumat verərək yaşadığı evə getmişdir. Bundan sonra o, Şəmkir rayonu Günəşli kəndində yaşadığı evdə olan zaman Afət gələrək oğlu Hüseyni hansı səbəbə vurduğunu soruşmuş, o isə Hüseyni vurmadığını bildirmişdir. Daha sonra o və anası Adilə evdən çıxaraq Afətlə piyada gedən zaman Zülfiqar idarə etdiyi avtomobillə həmin yerə gəlmişdir. Bu zaman, anası avtomobilin qabağına dayanaraq Zülfiqarı sakitləşdirmək istəsə də, Zülfiqar avtomobildən dəmir parçası götürərək onun üzərinə gəlmiş və qol nahiyyəsindən vurmuşdur. O da, dəmir parçasını Zülfiqarın əlindən alaraq sahəyə atmışdır. Bundan sonra Zülfiqar cibindən bıçaq çıxararaq onu vurmaq istəyəndə əli ilə bıçağı tutmuş və bu zaman sağ əlinin barmağı kəsilmişdir. Daha sonra Afət bıçağı Zülfiqarın əlindən almışdır. Zülfiqar da, yumruqla sağ göz nahiyyəsindən vurmuşdur. Bu zaman həmin yerə atası gəlmişdir. Zülfiqar da, ağac parçası ilə atası vurarkən atası da əllərini qabağa tutmuş və ağac barmaqlarına dəymişdir. Mübahisə zamanı o və atası Murad Zülfiqarı və onun ailə üzvlərini vurmamışlar. Hazırda Zülfiqar ona dəymiş ziyanı ödəmişdir və barışmışlar buna görə də ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2, hadisə zamanı oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə olduğunu bildirib Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatlara uyğun ifadə verdi və Hazırda Zülfiqarın ona dəymiş ziyanı ödədiyini və barışdıqlarını buna görə də ondan şikayət və tələbi olmadığını bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 10 avqust 2024-cü il tarixli, 746 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözaltı nahiyənin, hər iki bazunun ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişdir, bıçaqla yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi əmələ gəlmə müddəti 09 avqust 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 10 avqust 2024-cü il tarixli, 747 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- sol əlin 1-ci barmağının dırnaq falanqasının əzilmiş yarası KÜT əşyaların təsirindən törənmişdir, törənmə müddəti 09 avqust 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədə o, Şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığı üçün, şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2, tərəfindən verilmiş ərizədə o, Şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığı üçün, şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərər çəkmiş şəxslərə vurduğu ziyanı ödəmişdir. Şəxs ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barışmışlar. Zərər çəkmiş şəxslərin hazırda Şəxs heç bir şikayəti və tələbləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar