Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1083/2024 03.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin DYPB-nin inspektoru X8 Barəsində qərar çıxarılmış şəxs: X5 iştirakları ilə Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, fiziki şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsi, fiziki şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X9 göstərdi ki, 24 avqust 2024-cü il tarixdə, saat 11 radələrində müddəti bitmiş sürücülük vəsiqəsi əsasında etibarnamə ilə ** CE *** d.q.n avtomobili idarə edərkən Şəmkir rayonu, Gədəbəy yolunda olan zaman yol polisi əməkdaşları idarə etdiyi avtomobili saxlatmışdır. Polis əməkdaşı ondan spirtli içki qəbul edib-etməməsini soruşmuş, o isə heç bir spirtli içki qəbul etmədiyini bildirmişdir. Daha sonra onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün alkotestere üfürməli olduğu bildirilmiş, o isə üfürmüşdür və polis əməkdaşı ona guya ki, spirtin miqdarının 0.3 promillidən çox olduğunu demişdir. O isə, bu hala qəti şəkildə etiraz etmişdir, qanunun tələblərinə uyğun olaraq tibbi müayinə tələb etmişdir. Buna baxmayaraq polis əməkdaşı onun idarə etdiyi avtomobili razılığı olmadan idarə edərək cərimə meydançasına aparmışdır. Bununla bağlı DYP rəisinin qəbulunda olmuş, lakin, polis əməkdaşlarının qanunsuz hərkətləri barədə nə qədər bildirsə də, heç bir nəticəsi olmamışdır. O, polis əməkdaşından dəfələrlə tələb etsə də, tibbi müayinəyə aparmadan barəsində avtomobilinin saxlanıldığı vaxtdan 6-7 saat müddət keçməsinə baxmayaraq sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməsi haqqında protokol tərtib etmişlər. Halbuki, o, sərxoş olmamışdır. Bundan başqa, qeyd etdiyi proseslər ərzində polis əməkdaşları ona qeyri-prosessual təkliflər edərək qeyri-qanuni üsullarla onu razılaşmağa təhrik etmişlər, guya onun sərxoş vəziyyətini əks etdirən video görüntü çəkmişlər, halbuki, həmin görüntü hadisə vaxtı və hadisə yerində deyil xeyli müddət sonra çəkmişlər. O, tərtib edilmiş protokoldan tamamilə narazıdır, protkola imza çəkməsə də, onun mobil telefonuna qərarlı olması barədə sms gəlmişdir. Odur ki Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin DYPB-nin inspektoru X8 izahatında bildirdi ki, 24 avqust 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir rayonunun Yasamal aşırımı hissəsində xidmətdə olan zaman ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış və sürücüyə onun nə üçün saxlanılmasını, hüquq və vəzifələrini izah etmiş, lakin həmin vaxt sürücüdən spirt qoxusu gəlmiş və onun avtomaşını sürücülük hüququ olmadan sərxoş halda idarə etdiyini görmüşdür. Bundan sonra adı ona məlum olan X9 alkotestr yoxlamasından keçirilməsi üçün müayinəyı dəvət edilmiş, sürücü alkotestr yoxlamasından keçirilikdən sonra onun sərxoşluq dərəcəsinin 0.582 promil olduğu müəyyən olunmuşdur. Həmin vaxt X9 alkotestr yoxlamasının nəticəsinə etiraz etməmiş, bu səbəbdən də X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X9 500 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. X3 cavablandırarkən bildirdi ki, X12 alkotestrin nəticəsini imzalamaqdan imtina etdiyindən məhkəməyə təqdim olunmuş qəbz imzasız olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1–ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat miqdarında inzibati cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, “Ford Transit” yük markalı 99–CE–428 dövlət qeydiyyat nişanlı avtomobil müvafiq qaydada baxış keçirilməklə duracağa yerləşdirilmişdir. İşdə olan alkotestrin nəticəsinə dair qəbzdən görünür ki, X1 vəziyyəti yoxlanılarkən alkoqolun miqdarının 0.582 % olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-13-16/T-157321 saylı məktubdan görünür ki, ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə quraşdırılmış videokameranın xx.xx.2024cü il tarixdə çəkdiyi görüntü müddət keçdiyindən avtomatik olaraq silinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin məcəllənin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Yol-patrul xidməti haqqında təlimatın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin təlimatın 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. X13 Qanunun 85-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). İşin araşdırılmış halları ilə müəyyən edilir ki X9 24 avqust 2024-cü il tarixdə, saat 11 radələrində ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonunun Yasamal Aşırımı hissəsində hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılmış və Orxan Gülməmmədovun avtomobili sərxoş vəziyyətdə idarə etməsinə şübhələr yarandığı üçün alkotestr vasitəsilə yoxlanılmış, daha sonra ona sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1–ci maddələri təqsirli bilinərək 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verilmiş şikayətə baxılarkən müəyyən edilmişdir ki, DYP əməkdaşları tərəfindən protokol tərtib olunarkən, eləcə də inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiqi ilə bağlı qərar qəbul edilərkən Yol-patrul xidməti haqqında təlimatın, X13 Qanunun və İnzibati Xətalar qanunvericiliyinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş, bu hal isə şəxsin təqsirlilik məsələsini şübhə altına almışdır. Belə ki, Yol-patrul xidməti haqqında təlimatdan görünür ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. X2 şikayətində qeyd olunan mübahisəli halın araşdırılması üçün məhkəmə tərəfindən Şəmkir RPŞ–nin DYPB–nə sorğu verilərək patrul avtomobilində quraşdırılmış videokamera ilə çəkilmiş videogörüntülərin məhkəməyə təqdim olunması tələb olunmuş, lakin məhkəmənin sorğusuna cavab olaraq həmin günə aid video görüntülər yaddaş cihazından avtomatik olaraq silindiyindən həmin görüntülərin məhkəməyə təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. Bundan başqa, DYP əməkdaşları tərəfindən məhkəməya təqdim olunmuş qısa video görüntülərə baxış keçirilmiş və həmin görüntülərdə DYP əməkdaşı alkotestri X6 göstərərək sərxoş olduğunu qeyd etmiş, lakin həmin görüntünün harada çəkilməsini müəyyən etmək mümkün olmamışdır. X9 isə izahatında həmin videogörüntünün saxlanıldıqdan bir neçə saat sonra Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında çəkildiyini göstərmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş alkotestrin nəticəsini əks etdirən qəbzdən görünür ki, həmin qəbz Orxan Gülməmmədov tərəfindən imzalanmamışdır. Məhkəmə iclası zamanı DYP əməkdaşı X3 cavablandırarkən bildirmişdir ki, X12 alkotestrin nəticəsi ilə razılaşmayaraq onu imzalamaqdan imtina etmişdir. Qeyd olunan hal isə ona dəlalət edir ki, sürücü xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamış, belə olan halda o, müayinəyə aparılmalı idi. Qanunvericiliyin də tələbindən göründüyü kimi şəxs sərxoş vəziyyətdə olub– olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Buna baxmayaraq, X9 tələb etsə də, tibbi müayinəyə aparılmamış və şəxsin təqsirli, yəni sərxoş vəziyyətdə olması barədə şübhələr yaranmışdır. Qanunvericiliyə əsasən bu hal, yəni şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Belə olan halda X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1–ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 333.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1–ci maddələri ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X14 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin Məcəllənin 329.3–cü maddəsi ilə, eyni zamanda avtomobili sürücülük hüququ olmadan idarə etməsinə aid hissədə inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1–ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1– ci maddələri ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X14 Polisi Bölməsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1083/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1083/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver