Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1109/2025 20.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Məmmədova Alsu Dəyanət qızının katibliyi Şikayətçi: X3 iştirakı ilə Şəmkir rayon Polis şöbəsinin X8 bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 333.1-ci maddələri ilə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən fiziki şəxs X5 inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, 08 sentyabr 2025-ci il səhər saat 10:00-11:00 iradələrində Şəmkir şəhəri Əhməd Cavad küçəsinin aşağı hissəsində yol polisi əməkdaşları tərəfindən saxlanıldı və spirtli içki qəbul edib-etməməyimlə bağlı alkotestr vasitəsilə yoxlanıldı. Test nəticəsində spirtli içki qəbul etdiyi iddia edilərək barəsində inzibati protokol tərtib olundu və və cərimə tətbiq edildi. (Protokol nömrəsi İXP 7411365). Lakin həmin anda heç bir spirtli içki qəbul etməmiş və bu nəticənin düzgün olmadığını əsaslandırmaq üçün dərhal öz təşəbbüsü ilə 08 sentyabr 2025- ci il saat 11:00 iradələrədində Gəncə şəhər Narkoloji Dispanseri adlı tibb müəssəsinə müraciət etmişdir və orada təkrar tibbi yoxlamadan- alkotest və müvafiq narkoloji ekspertiza prosedurlarından keçmişdir. Həmin yoxlamanin nəticələrinə əsasən, orqanizmində spirtli içki qalıqları aşkar edilməmişdir. X4 aldığı sənədi ərizəyə əlavə edir. Yuxarıdakı halları nəzərə alaraq, barəsində tərtib edilmiş inzibati protokolun və tətbiq olunmuş cərimənin ləğv edilməsini, işin obyektiv araşdırılmasını və hüquqların bərpa edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X5 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin DYPB-yə iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə bu halda işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1–ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X1 vəziyyətini əks etdirən alkotester müayinəsinin nəticəsi barədə qəbzdən görünür ki, X3 qanında alkoqolun konsentrasiyasının 0.306 promilli olması müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, X5 avtomobili şəxsən saxlanca təhvil verərək aktı imza etmişdir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və baxış keçirilən zaman məlum olmuşdur ki, polis əməkdaşı alkotester vasitəsilə X1 vəziyyətini müayinə edir, müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının 0.306 promilldən artıq olması deyilir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 333.1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1–ci maddələri ilə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1– ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-1109/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1109/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver