Məhkəmə qərarları › İş №3(076)-1144/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1144/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1144/2023 18.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 18 avqust 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 209379,20 manat borcun və 30 manat dövlət rüsumunun, e-2-2(115)-782/2021 saylı 10 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 58581,20 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İcra vərəqələri icrası üçün Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata qəbul edilərək icraata başlama haqqında qərar qəbul edilərək, borcun ödənilməsi ilə bağlı borclu Şəxs 10 gün tələbin könüllü ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Borclu Şəxs Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbin könüllü olaraq icra etməmişdir. Borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 209379,20 manat borcun və 30 manat dövlət rüsumunun, e-2-2(115)- 782/2021 saylı 10 avqust 2021-ci il tarixli icra sənədinə əsasən odan 58581,20 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan icra sənədi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu tələbi yerinə yetirməyərək borcunu ödəməkdən boyun qaçırmışdır. Bununla bağlı borclu Şəxs məxsus “QAZ 2757AO” markalı, **-CA-*** və “QAZ 322132 228” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə Şəmkir Rayon Məhkəməsinin 8(076)-411/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkara olan borcunu ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəmkir rayon Məhkəməsinə təqdim edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, icra sənədlərinin icrasından imtina etmir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borcundan 26500 manat ödəniş etmişdir. Lakin qalan borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Belə ki, borcun ödənilməsi ilə bağlı onun mülkiyyətində olan “QAZ 2757AO” markalı, **-CA-*** və “QAZ 322132 228” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə Şəmkir Rayon Məhkəməsinin 8(076)-411/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra icra məmuru onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərmişdir. Odur ki, mülkiyyətində olan avtomaşınların açıq hərracada satılaraq borcun ödənilməsini icra məmuru təmin etməli olduğu halda barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndərmişdir. Ona görə də, qeyd olunanları nəzərə alınaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 209379,20 manat borcun və 30 manat dövlət rüsumunun, e-2-2(115)-782/2021 saylı 10 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 58581,20 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-411/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadının surətindən görünüqr ki, borclu Şəxs mülkiyyətində olan “QAZ 2757AO” markalı, **-CA-*** və “QAZ 322132 228” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Beləliklə, iş üzrə icraatda iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədlərini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borcundan müxtəlif vaxtlarda 26500 manat olmaqla tələbkara ödəniş etmişdir. Bundan başqa sözügedən icra vərəqələri ilə bağlı məcburi icra tədbirləri nəticə vermədiyindən onun avtomobillərinə həbs qoyulmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, borclunun əmlakına həbs qoyulmuş, lakin həmin əmlakların qiymətlənidirilməsi, satılması tədbirləri keçirilməmiş, zəruri icra tədbirləri tam görülməmiş, şəxsin barəsində inzibati qaydada protokol tərtib edilmişdir. İcra haqqında Qanunun : 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibatı xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar