Məhkəmə qərarları › İş №3(076)-1145/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1145/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1145/2025 22.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Məmmədova Alsu Dəyanət qızının katibliyi Şikayətçi: X3 iştirakları ilə DİN-nin BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30410833 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü əy y ə n e t di: X5 DİN BDYP tərəfindən qəbul olunmuş, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30410833 saylı qərarlarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Baş DYP-nin 30410833 saylı 04 sentyabr 2025-ci il tarixli qərarına əsasən mən 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan o narazıdır. Belə ki, həmin qərar ona qarşı düzgün qəbul edilməmişdir. 2025-ci ilin sentyabr ayında o özünə məxsus Kamaz markalı avtomaşını ilə Ucar rayonundan Bakı istiqamətinə hərəkət edərkən Baş X7nin elektron kamera vasitəsi ilə qərar tətbiq edilərək onun avtomaşınında artıq yük olduğu müəyyən edilmişdir. Buna görə də, onun barəsində AR İXM-nin 353.2 və 332.3-cü maddələri ilə inzibati qərar tətbiq edilmişdir. Lakin bildirmək istəyir ki, o həmin vaxt avtomaşınına qanunla nəzərdə tutulmuş yükdən artıq yük götürməmişdir. Hətta bu barədə onun qaiməsində və tərəzi vasitəsi ilə çəkilmiş qəbz sənədlərində mövcuddur. Buna baxmayaraq DYP-nin elektron kamera vasitəsi heç bir əsas olmadan onun avtomaşınını qeydə almış və guya onun maşınında normadan artıq yük olmasını müyyən edərək ona cərimə tətbiq etmişdir. Buna görə də, Şəmkir Rayon məhkəməsinə müraciət edir. Onun haqqında yazılan cərimə qərarınıda o narazıdır və etirazını bildirir. Məhkəmə iclasında X5 ərizəsinin dəlillərinə uyğun izahat verərək, qeyd edilənlərə əsasən DİN BDYP tərəfindən qəbul olunmuş, inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli, EQ 30410833 saylı qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qaimələrdən görünür ki, yük qanunla nəzərdə tutulmuş çəkidən artıq olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 004607 saylı Kalibrlənmə sertifikatından görünür ki, yük maşınının tərəzi (yükölçən) və ya senzorları düzgün işləməsi yoxlanılmış və göstərdiyi çəki real çəkini əks etdirmişdir. DİN BDYP tərəfindən qəbul olunmuş, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30410833 saylı qərarlarından görünür ki, X1 Xətalar Məcəlləsinin 353.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddələr üzrə təqsirli bilinib ümumilikdə 600 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci və 353.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi olan vaxt X3 yol hərəkəti qaydalarına əməl edilməməsi video görüntü ilə müəyyən edilməməli, həqiqətən normadan artıq yükün olması sübut olunmalıdır, yalnız bundan sonra X3 əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 3461.5, 353.2 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 inzibati tənbeh verilməsinə dair DİN-nin BDYP-nin xx.xx.2025-ci il tarixli, EQ 30410833 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar