Məhkəmə qərarları › İş №3(076)-1147/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1147/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1147/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs qızının iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu Könüllü kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 21 avqust 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 21 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-202/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Hazırda borc 1600 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq o, qərarı icra etməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən heç bir ödəniş etməmişdir. Onun tələbkara bu gunki günə 1600 manat borcu var. Borclunun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə alimentin məbləği çox müəyyən olunub. Belə ki, hazırda heç bir yerdə işləmir. Heç bir rəsmi gəliri yoxdur. Bu səbəbdən də heç bir ödəniş edə bilmir. Hazırda işləmədiyi üçün həmin məbləğdən heç bir məbləğ ödəniş etməyə imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı izahatında bildirdi ki, Şəxs ona olan borcunu ödəməkdən qəsdən yayınır. Şəxs hazırki aliment borcundan bir qədər ödəniş etsəydi bəlkə də şikayətçi olmazdı. Uşaqları təkbaşına böyüdür, heç bir köməyi yoxdur. Odur ki, hər hansı məbləği ödəsə də razılaşardı. Qeyd olunanları nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-202/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 14 aprel 2015-ci il təvəllüdlü X3 və 10 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-202/2023 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmış, tələbin könüllü icrası barədə bildirişin təqdim edildiyi vaxtdan bugünədək heç bir ödəniş etməmiş və Şəmkir Rayon Məhkəməsinin 3(076)-1012/2023 nömrəli qərarı ilə Şəxs inzibati qaydada həbs edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun ödənilməmə müddətini və məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar