Məhkəmə qərarları › İş №3(076)-1152/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1152/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1152/2024 01.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, xx.xx.1995-ci ildə Gədəbəy rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonunda anadan olmuş, Gədəbəy rayonu Gərgər ərazi Yenikənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:35-də istifadəsində olan “VAZ 2106” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəmkir şəhəri Zaur Sarıyev küçəsində VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobilin hərəkət istiqamətində yolun sağ tərəfindən mərkəzə doğru 1.3 metr məsafədə nizamlayan yolda baş vermişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklü, quru və düzdür. Yolun eni 4,2 metrdir. Vaz 2106 markalı, **-DU-*** dqn-lı avtomobilin sağ tərəfində 2,2 metr enində torpaq yol var. VAZ 2107 markalı, **-MN- *** dqn-lı avtomobilin sağ tərəfində hərəkət üçün torpaq sahə yoxdur. Hadisədən əvvəl Vaz 2106 markalı, **-DU-*** dqn-lı avtomobil Şəmkir şəhəri X3 küçəsi istiqamətində, VAZ 2107 markalı, **-MN-*** dqn-lı avtomobil isə Gəray Əsədov küçəsi istiqamətində hərəkətdə olmuşlar. Hadisədən əvvəl Şəxs idarə etdiyi VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobilin surəti saatda 40,50 km, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı, **- MN-*** dqn-lı avtomobilin surəti isə saatda 50 km olmuşdur. Avtomobillərin hərəkət istiqamətində hər hansı işarə yoxdur. Hadisə yeri yaşayış yeridir. Hadisə yerində VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobilin 8,1 metr uzunluğunda, VAZ 2107 markalı, **-MN-*** dqn-lı avtomobilin isə 9,9 uzunluğunda tormoz izləri var. Hadisə zamanı hər iki avtomobil texniki cəhətdən saz olmuş, avtomobillrdə yük, sərnişin olmamış, sürücülər sərxoş olmamışdır. VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobildə oturacaqlar olmamış, sürücü avtomobili taxda stuldan istifadə edərək idarə etmişdir. Hadisə yeridə hər hansı bir video müşahidə kamerası, video görüntü olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 682 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alt dodağın sağ yarısının əzilmiş yarası, döş qəfəsinin arxa səthində sol kürəküstü nahiyyənin sıyrıqları, sağ baldırın orta öçdə birinin arxa-bayır səthinin və sağ ayağın tış topuq nahiyyəsinin şişkinlik fonunda qançırları KÜT əşyalaraın təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 16 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 725 nömrəli rəyindən müəyyən olunur ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki diz oynağının ön səthinin əzilmiş yaraları, sağ ayağın İ daraq sümüyünün çıxığı, sağ ayağın İİ, İİİ, İV daraq sümüklərinin sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəməmüddəti 16 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vrmaya aiddirlər. 12 avqust 2024-cü il tarixdə Şəxs Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını, hər hansı bir şikayətinin olmadığı bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ona məxsus VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobili var. Avtomobili idarə etmək üçün hər bir sənədi var. 16 iyul 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Şəmkir şəhəri Zaur Sarıyev küçəsində hərəkətdə olan zaman yol ensiz olduğu üçün yolun boş olmasından istifadə edib mərkəzlə hərəkət etmişdir. Qarşı hərəkət istiqamətindən VAZ 2107 markalı avtomobilin gəlməsini görüb tormoz verib öz hərəkət istiqamətinə keçmişdir. Nəticədə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə VAZ 2107 markalı avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almışıdır. O, hadisə zamanı sərxoş olmamışdır. O, VAZ 2107 markalı, **-MN-*** dqn-lı avtomobilin 10 metr məsafədən görməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ona məxsus VAZ 2107 makalı, **-MN-*** dqn-lı avtomobil var. Avtomobili etibarnamə ilə idarə edir, avtomobili idarə etmək üçün hər bir sənədi var. 16 iyul 2024-cü il tarixdə saat 19:35 radələrində idarə etdiyi avtomobillə Şəmkir şəhəri Zaur Sarıyev küçəsi ilə Hüseyn Cavid istiqamətində hərəkətdə olmuşdur. Zaur Sarıyev küçəsi ilə öz hərəkət istiqamətində hərəkətdə olan zaman VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobilin onun üzərinə gəlməsini görmüşdür. O, haisədən yayınmaq üçün avtomobili sol tərəfə idarə edən zaman VAZ 2106 markalı, **-DU-*** dqn-lı öz hərəkət istiqamətinə keçmiş, nəticədə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə VAZ 2106 markalı avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Hadisə zamanı o, dodaq, ayaq, bədənin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Onu tanımadığı şəxs yol avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. O, VAZ 2106 markalı, **-DU-*** dqn-lı avtomobilini 10 metr məsafədən görməsini bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Şəmkir rayonu üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar