Məhkəmə qərarları › İş №3(076)-1168/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1168/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1168/2025 04.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim X3 oğlunun sədrliyi Məhkəmə iclasının katibi Rzazadə Leyla Elçin qızının katibliyi ilə Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30600932 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin elektron qərarına əsasən fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025ci il tarixdə barəmdə inzibati tənbeh vermə haqqında EQ28998277 nömrəli elektron qərar qəbul edilmişdir. İlk öncə qeyd edir ki, İXM-nin 127-1.3-cü maddəsinə zidd olaraq elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri ona təqdim olunmamışdır. Şəmkir rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə də bir neçə dəfə gedib-gələndən sonra nəhayət ki, elektron qərarın surətini xx.xx.2025-ci il tarixdə ala bilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əsassız olduğundan o, ləğy olunmalıdır. Belə ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda idarə etdiyi nəqliyyat vasitəsində artıq yükün aşkarlanmasında istifadə olunan ölçmə (xüsusi texniki) vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Qərarı barəsində şikayət edilən Azərbaycan Respublikası DİN-in BDYPİ-yə iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. X2 isə məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bu halda işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 30600932 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 avtomobil ilə hərəkətdə olarkən İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 1200 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi İXM-nin 127-1.1-ci maddəsinə əsasən qərara əlavə edilmiş bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərarda hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında nəqliyyat vasitəsinin foto qeydiyyat funksiyalarına malik texniki vasitələrlə istifadə edilərək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilmiş foto qeydiyyatında şikayətçi X1 idarə etdiyi “MAN TGX 18 440” yük markalı 01CP191 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xx.xx.2025-ci il tarixdə saat 03.01.02-də Salyan rayonu, Xıdırlı kəndi Astara istiqamətində hərəkətdə olarkən maksimum kütlə 40000 kq nəzərdə tutulmasına baxmayaraq faktiki kütlə 43050 kq olması əks olunmuşdur. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və şikayətə əlavə edilmiş yuxarıda sadlanan sənədlərə əsasən baxaraq, mübahisələndirilən qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X2 İXM-nin 353.5-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Şikayətçinin barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda idarə etdiyi nəqliyyat vasitəsində artıq yükün aşkarlanmasında konkret olaraq istifadə olunmuş ölçmə (xüsusi texniki) vasitəsinin (eyniləşdirmə göstəriciləri qeyd olunmaqla) son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların tələb edilməsi barədə vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı kütlənin yükü nə qədər olduğunu qeyd etmədiyindən mübahisələndirilən qərara əlavə edilmiş foto görüntülərdə əks olunan məlumatlarının həqiqəti əks etdirilməsinin şübhə altına alınmasına hər hansı bir əsas görmür. Odur ki, inzibati xəta haqqında iş üzrə şikayətçi tərəfindən təqdim edilmiş və icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün məhkəmə kifayət sayır. Azərbaycan Respublikası İXM-nin: 81.1-ci maddəsinə əsasən Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3-cü maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 81-1.2-ci maddəsinə əsasən İnzibati xətanın aşkarlanmasında istifadə olunan dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. 353.1-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. Şikayətdə onun barəsində İXM-nin 353.5-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilməsi barədə qərar qəbul edildikdən sonra bu qərarı qəbul edən orqan tərəfindən İXM-nin 127-1.2, 127-1.3, 127-1.4, 127-1.5, 127-1.6, 127-1.7 və 127-1.8-ci maddələrdə göstərilən hərəkətlərin icra edilməməsi İXM-nin 353.5-ci maddəsində nəzərədə tutulmuş əməli törədən şəxsin bu maddə ilə məsuliyyətə cəlb edilməsini istisna etmir və bu maddə ilə inzibati xəta törətmiş şəxsi bu məsuliyyətdən azad etmir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3-cü maddəsinə əsasən inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə, yuxarıda şərh edilənləri və istinad edilən İXM-nin normalarını təhlil edərək hesab edir ki, şikəyətçi barəsində Azərbaycan Respublikası DİN-in BDYP inzibati xəta haqqında işə baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. İXM-nin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in BDYP-nin X1 barəsində İXM-nin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı istinad etdiyi İXM-nin normalarının pozulmasına yol verilməmişdir və şikayətdə hər hansı bir dəlilə və sübuta istinad edilmədiyindən şikayətçinin barəsində qəbul edilmiş inzibatı qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə iraata xitam verilməsinə məhkəmə əsas görmür. Odur ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli sayılması barədə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 30600932 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli sayılması barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30600932 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar